Müharibəyə 3 oğul göndərdi, biri şəhid oldu...

Müharibəyə 3 oğul göndərdi, biri şəhid oldu...


Lənkəran şəhərinin Boladı kəndindən olan İbadovlar ailəsinin üç üzvü 44 günlük Vətən müharibəsində iştirak edib. Qardaşlar Cəmil, Aqşin və Məmmədhüseyn İbadovlar müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Onlardan biri 1984-cü il təvəllüdlü XTQ-nin kəşfiyyatçı mayoru A. İbadov oktyabrın 19-da Hadrutda Tuğ kəndinin yaxınlığında düşmənin atdığı minomyot mərmisindən şəhid olub.

Ailədə 4 oğul, iki qızı olan İbadovlar ailəsinin 3 oğlu hərbçidir. Hazırda özəl təşkilatda çalışan ailənin böyük qardaşı Emil İbadov şəhid qardaşı və hazırda xidmətdə olan digər iki qardaşı haqqında “Qafqazinfo”ya danışıb. 1975-ci il təvəllüdlü E. İbadov özü də 1994-cü ildə birinci Qarabağ müharibəsində YAŞMA xüsusi təyinatlı batalyonunun tərkibində döyüşlərdə iştirak edib.

E. İbadov bildirib ki, şəhid qardaşı Aqşin İbadov 2019-cu ilin avqust ayında 36 yaşında ailə qurmuşdu: “O, ötən ilin sentyabrın 25-də Türkiyənin Milli Müdafiə Universitetini bitirdikdən sonra vətənə qayıtdı. Sentyabrın 30-dan isə döyüşlərə qatıldı. Sentyabrın 16-da Zeynəb adında qız övladı dünyaya gəlmişdi. Qardaşım övladıyla cəmi 9 gün bir yerdə ola bildi.

O, Kəlbəcərin bəzi hissələrinin, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Hadrut yaxınlığında Tuğ kəndinin ərazisində adsız yüksəkliklərin azad olunması və Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın, Füzulinin və Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub. O, "Xilaskar" təxəllüsüylə şeirlər də yazırdı. Yoldaşına sentyabrın 28-də içində narahatlıq olduğuna dair mesaj da yazmışdı. Hərbçi qardaşlarım dekabrın sonlarında onun şəhid olduğu ərazidə olublar. Aqşinin orada qalan əşyalarını, kaskasını və ona məxsus olan kiçik ölçülü Quran kitabını götürüblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti