Sosial şəbəkələrdə yayılan videolardan danışdı

Sosial şəbəkələrdə yayılan videolardan danışdı


“Seçki günü sosial şəbəkələrdə qoyulan xoşagəlməz hallarla bağlı məsələni elə həmin gün Mərkəzi Seçki Komissiyasının üzvləri araşdırmağa başlayıb. Yəqin ki, siz yaxın vaxtlarda görəcəksiniz ki, biz qərarlar qəbul etməyə başlayacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, müraciətlər olsa, ciddi şəkildə araşdırılacaq: “Çalışacağıq ki, xoşagəlməz hallarda günahı olan tərəflərin hamısı Seçki Məcəlləsinin tələbinə uyğun cəzasını alsın. Çünki biz aşağı seçki komissiyalarının üzvləri ilə seçkidən qabaq maarifləndirmə tədbirlərini aparırıq. Müəyyən hallar olur ki, biz məntəqə seçki komissiyalarının qərarlarını ləğv edirik. Hesab edilirsə ki, seçkilər orada yenidən keçirilməlidir, o zaman Seçki Məcəlləsində bununla bağlı kifayət qədər müddəalar var. Ona görə vətəndaşlarımız narahat olmasınlar”.

M. Pənahov MSK-ya daxil olan müraciətlərdən də danışıb: “Şikayətlərdən biri odur ki, namizədlər bir-birinin qohumudur. Seçki Məcəlləsində bununla bağlı qadağa yoxdur. İkincisi də kiçik kəndlər olanda hamı hamının qohumu olur. Şikayətlərdən biri də budur ki, namizədlər təşviqatlarını aparmayıblar. Ona görə bu seçki prosesi pozulubdur, yenidən keçirilsin. Müraciətlərin çoxu bu tipdə olur. Baxdığımız 8 müraciətdən ikisində bu və ya digər formada ciddi irad var idi ki, səslərin sayılmasında problem oldu. Bunun da həqiqət olub- olmadığı da araşdırılmalıdır. Əlbəttə, arzu edərdim ki, şikayətlər Seçki Məcəlləsinin tələblərinə aid olsun”.

Onun sözlərinə görə, bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir: “Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi hələ də üstünlük təşkil edir. Hesab edirəm ki, inkişafa hələ də ehtiyac var. Bir günlük sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışmağın mənası yoxdur. Biz məhz o qurumuq ki, 20 il ərzində bir tərəflə heç vaxt mübahisə aparmamışıq. Biz sadəcə işimizi görmüşük”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti