Aygün Bəylərin qardaşı ömürlük həbs oluna bilər

Aygün Bəylərin qardaşı ömürlük həbs oluna bilər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Gecce.az Report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmmişov müdafiə çıxışı edib.

O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib: "Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik".

Daha sonra təqsirləndirilən F.Məmmədzadənin vəkili müdafiə çıxışı edib. O bildirib ki, müvəkkili məhkəmə istintaqı zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməyib: "İttiham tərəfinin heç bir sübutu olmadı. Mənim məhkəmədə vəsatətim təmin edilmədi. Vəsatətimdə göstərmişdim ki, təqsirləndirilən şəxslər həbs ediləndən sonra videogörüntü məhkəmədə göstərilsin. Təəssüf ki, bu da olmadı. Fuada qarşı heç bir maddi sübut yoxdur. Narkotiklə bağlı ittiham isə fərziyyələrlə göstərilib. Müstəntiq protokol tərtib edib ki, təqsirləndirilən şəxslər toxum satıb. Axı burada heç bir sübut yoxdur, bunlar sadəcə fərziyyələrdir".

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Prosesdə digər təqsirləndirilən E.Alxazovun vəkili də müdafiə çıxışı edib. O, istintaqın qərəzli aparıldığını söyləyib: "İstintaq dövründə müvəkkilimin hüquqları pozulub. Onun barəsində irəli sürülmüş ittihamlara bəraət verilməsini tələb edirik. Elnur Alxazova qarşı irəli sürülən ittihamların Cinayət Məcəlləsinin 307-ci maddəsinə tövsif olmasını və ona həbs olmayan cəza verilməsini istəyirik".

Məhkəmənin növbəti iclası 20-nə təyin edilib.

Onu da əlavə edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il yarım, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxasovun 20 il, E.Əsədovun 18 il və C.Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri F.Məmmədzadə, E.Alxazov, A.Hümmətov, R.Əsirov tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində Suraxanı Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti