Xalasının 55 yaşlı ərini döyərək öldürdü - VİDEO

Xalasının 55 yaşlı ərini döyərək öldürdü - VİDEO


Abşeronda iki qohumun mübahisəsi ağır cinayətlə nəticələnib. Biri digərini küçədə döyərək qətlə yetirib. Hadisədən sonra polis həmin şəxsi saxlayıb. İlkin ifadəsində həmin şəxs hadisəni söyüş üstündə törətdiyini deyib. Xızıda isə avtomobilləri toqquşan sürücülər mübahisə ediblər, nəticədə biri digərini bıçaqlayaraq öldürüb.

Əl verib salamlaşan qohumlar qəfil dava edirlər. Biri digərinə iki yumruq zərbəsi vuraraq onu yerə yıxır. Hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından rayon polis idarəsinə məlumat verilib ki, 54 yaşlı Muğan Salikov adlı şəxs ağır xəsarətlə xəstəxanaya daxil olub. Onu xəstəxanaya gətirənlər Muğan Salikovun yıxılaraq xəsarət aldığını bildiriblər.

Baş nahiyyəsindən ağır xəsarət alan Muğan Salikov iki gündən sonra xəstəxanada dünyasını dəyişib. Araşdırmalara başlayan Abşeron rayon polis idarəsinin əməliyyatçıları mərhumun döyülərək xəsarət aldığını müəyyən ediblər. Polis şübhəli kimi 42 yaşlı ''Kürd Vüqar'' ləqəbi ilə tanınan Vüqar Hüseynovu saxlayıb. İlkin olaraq Vüqar xalasının həyat yoldaşının qətlə yetrilməsindən xəbərsiz olduğunu bildirib. Polis hadisə baş verən ərazidəki müşahidə kameralarına baxış keçirərkən hadisənin Vüqarın törətdiyini təsdiq edib.

Görüntüdən də aydın olur ki, qohumlar əvvəlcə salamlaşıb görüşürlər. Daha sonra Vüqar Hüseynov xalasının həyat yoldaşına iki yumruq zərbəsi vurub. İlkin dindirmə zamanı Vüqar Hüseynov hadisəni söyüş üstündə törətdiyini deyib. Faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Onu da qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olublar. 2015-ci ildə Vüqarın qardaşı Fədail Hüseynov qəsəbənin bələdiyyə sədri Vəsilə Əbdilhəsənovanın və onun həyat yoldaşı Vəfadarın qətlində şübhəli bilinərək həbs edilib.

Xızıda isə toqquşan avtomobillərin sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib. Bu gün səhər saatlarında Xızının Giləzi qəsəbə sakinləri - 38 yaşlı Vaqif Cəfərovun idarə etdiyi avtomobil ilə 41 yaşlı Qabil Məmmədovun idarə etdiyi maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə olub. Nəticədə Qabil Məmmədov Vaqif Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra Qabil Məmmədov qaçıb.
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti