İki polkovnik niyə bir-birinə zidd açıqlama verir? - Video

İki polkovnik niyə bir-birinə zidd açıqlama verir? - Video


Sürücülərin maşın idarə edərkən danışarsa cərimə olunacağı ilə bağlı hələ də gündəmdədir. Maraqlıdır ki, bu haqda dövlət qurumunu təmssil edən iki şəxs bir-birinə zidd açıqlamalar verir.

Bu məsələni ilk dəfə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov gündəmə gətirib. Və bir neçə dəfə ayrı-ayrı saytlara açıqlama verərək bu cərimələrin tətbiq olunacağını, bu tələbin qanunda nəzərdə tutulduğunu deyib.

Bununla bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev həmkarının əksinə açıqlamalar verib. O, danışmağa görə heç kimin cərimə olunmayacağını bildirir. Sonuncu dəfə olaraq isə K. Əliyev bu haqda AzTV-nin efirində danışıb. Əliyev Vaqif Əsədovun gündəmə gətirdiyi bu mövzuda saytları da ittiham edib. Amma maraqlıdır ki, eyni dövlət qurumunu təmsil edən iki şəxsin bir-birini təkzib edən açıqlamalar verməsinə səbəb nədir? Oxucu onlardan hansının dediyinə inanmalıdır?

Adıçəkilən şəxslərin bir-birinə ziddi iki açıqlamasını oxucuların diqqətinə təqdim edirik:

Vaqif Əsədov: “Nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. Ümumiyyətlə, sürücülər avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər etməməlidir. Çünki bu, qəzalara səbəb olur”.

Kamran Əliyev: “Bir daha bildiririk ki, sükan arxasında su içmək, danışmaq, musiqiyə qulaq asmaq qanunla qadağan deyil. Heç kimə buna görə cərimə tətbiq edilməyib və edilməyəcək. Əgər kimsə belə bir hal ilə qarşılaşıbsa o zaman bizə müraciət etsin, məsələ araşdırılsın”.

Oxuculara bir məsələni də xatırlatmaq yerinə düşərdi. Bir müddət əvvəl avtokreslo ilə bağlı məsələ gündəmə gələn zaman da K. Əliyev və V. Əsədov bir-birinə zidd açıqlamalar verməklə bir müddət medianın gündəmində qalmışdılar.

K. Əliyevin bu haqda AzTV-yə verdiyi son açıqlamanı da oxuculara təqdim edirik:







“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti