Dəm qazından zəhərlənmə zamanı nə etməli? – İLK YARDIM

Dəm qazından zəhərlənmə zamanı nə etməli? – İLK YARDIM


Havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm halları xeyli artıb. Buna səbəb qazdan istifadə qaydalarını bilməmə, standarta uyğunolmayan cihazlardan istifadə, tüstü bacalarının təmizlənməməsi, ehtiyatsızlıq və sairədir.

Bəs, dəm qazı zəhərlənməsi zamanı ilkin yardım necə olmalıdır?

Dəm qazından zəhərlənməmək üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacib olduğu qədər, hadisə baş verən zaman ilkin yardımı bilmək də önəmlidir.

Dəm qazı qanda tez bir zamanda hemoqlobinlə birləşir və buna görə də öldürücü təsirə malikdir. Dəm qazından zəhərlənən adam beyninə oksigen çatmadığı üçün qısa müddətdə huşunu itirir. Ona görə də özünə kömək göstərə bilmir. Bu zaman ətrafdakıların yardımına ehtiyacı olur.

1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Publika.az-a zəhərlənmiş şəxslərə ilkin yardımın necə göstərilməli olduğuna aydınlıq gətirib: “Dəm qazından zəhərlənən şəxs özünü pis hiss edən kimi, açıq havaya çıxmalıdır. Təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, kürəyi üstə uzatmaq və yaxasını açmaq lazımdır. İmkan olduqda, oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyulmalıdır. Zərərçəkmiş huşunu itiribsə, pambığı naşatır spirti ilə isladıb iylətmək lazımdır. Naşatır spirti olmadıqda, onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda, ürək masajı edilməlidir. Əlbəttə, bu işi bacaranlar etməlidir. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verilə bilər. Çünki zəhərlənmə zamanı bədənin hərarəti düşür”.

A.Maqsudov bu il dəm qazı zəhərlənmələrinin ötən illə müqayisədə az olduğunu da deyib: “Dəm qazı zəhərlənməsi ilə bağlı sentyabrda 4, oktyabrda 7, noyabr ayında isə 20-yə yaxın müraciət olub. 16 nəfər xəstəxanaya qəbul edilib, digərlərinə ilkin yardım göstəriləndən sonra evə buraxılıb. Zəhərlənənlər arasında ikisi uşaq olub. Müraciətlər əsasən paytaxt və ətraf qəsəbələrdəndir.

Bu günə qədər xəstəxanada ölüm faktı qeydə alınmayıb”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti