“Özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar”

“Özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar”


Mayor Telman Məmmədov İkinci Qarabağ müharibəsi qazisidir. 44 gün Vətənimizin bütövlüyü uğrunda şərəflə vuruşub. 27 il əvvəl – 15 yaşında doğulduğu Cəbrayıl rayonu işğal olunarkən çıxdığı torpaqlara qalib ordunun zabiti kimi qayıdıb. Onu qələbəyə ruhlandıran bir də, torpaqlarımızın azadlığı uğrunda əks-hücum əmri verilən gün dünyaya göz açan övladıdır. Düşmənə atdığı hər güllə yeni doğulan qızının timsalında bütün uşaqlarımız xoşbəxt, qayğısız böyüsün deyə, bundan sonra heç bir körpəmiz atasız qalmasın deyə atılıb.

“Qafqazinfo” hərbçimizlə həmsöhbət olub, onun döyüş xatirələrini dinləyib.

Telman Teyfur oğlu Məmmədov 1979-cu ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Doğma torpaqlarının işğalından sonra ailəsiylə birlikdə məcburi köçkün kimi Bakıya yerləşib. Azərbaycan Dövlət Neft Akademiyasını bitirən Telman Məmmədov 2000-ci ildə zabit kimi hərbi xidmətə yollanıb və o vaxtdan da Beyləqan rayonunda “N” saylı hərbi hissədə xidmət edir. Hazırda hərbi hissə komandirinin müavinidir:

“Lələtəpə tərəfdən döyüşə başladıq, Horadiz, Cəbrayıl, Hadrut (Ağoğlan) istiqamətində döyüşlərdə iştirak etdik. Müharibə başlayan andan bilirdik ki, zəfər bizimdir. Baxmayaraq ki, ermənilərin səddi keçilməz idi, biz onların səddini yarıb keçə bildik. Kənd Horadiz, Cəbrayıl rayonunun kəndləri və Hadrut qəsəbəsini, həmçinin Hadrutdan sonrakı Tuğ, Çanaqçı, Sığnaq kəndlərini düşməndən azad elədik. Təbii ki, o döyüşlər çox ağır döyüşlər idi. Düşmən ən çox minaatan və toplardan, həmçinin snayperdən istifadə edirdi. Onlar bizimlə üzbəüz döyüşlərdən çəkinirdilər. 27 ildən artıqdır ki, səngər və istehkamlar qurublar, yeraltı tunellərini gücləndiriblər. Düşmən hazırlıqlı olsa da, qüvvəsi bizdən qat-qat az idi. Onları günbəgün geriyə oturtmuşuq. Dağlarda, kəndlərdə öz bayrağımızı sancmışıq, qələbəyə nail olmuşuq. Onlara ordumuzun gücünü göstərmişik”.

Qazimiz doğulduğu Əmirvarlı kəndindən çıxdığı günü xatırlayır. Deyir ki, o zaman ermənilər kəndi mühasirəyə almışdılar. Qoca, yaşlı demədən hər kəsi qırırdılar. Kənd Araz çayı zolağında yerləşdiyindən, çayı keçib getmək istəyənlər olub. Lakin düşmən ona da imkan verməyib, çaya girəni güllələyib. Ailəsi çətinliklə Xudafərin körpüsünü keçib İran vasitəsilə Bakıya gəlib:

“Bizim öz torpaqlarımıza döyüşə-döyüşə ayaq basmağımız əvəzolunmaz hissdir. Çalışırdıq ki, bütün azad etdiyimiz ərazilərə bayraq sancaq. Dizini qoyub o torpaqları öpən əsgərlərimiz var idi. Qürur hissi keçirirdik ki, biz bu günü gördük. O torpaqlarımızı azad etdik və bu qisas uşaqlarımıza qalmayacaq. Gələcəkdə nəvələrimizə alnıaçıq şəkildə necə döyüşdüyümüzü danışacağıq. General-mayor Mais Barxudarovun təşkilatçılığı, uzaqgörənliyi, peşəkar sərkərdəliyi sübut etdi ki, biz torpaqlarımızı məhz bu cür almalı idik: etap-etap, döyüşərək... Mən həm də Milli Qəhrəmanımız Şükür Həmidov haqqında danışmaq istəyirəm. Çox cəsur, igid oğul idi. Allah ona rəhmət eləsin. Axır günə qədər, bütün döyüşlərdə yanımızda oldu. Əsl zabitin necə iradəli, necə cəsur olduğunu, necə döyüşməli olduğunu bizə göstərdi. Hər kəs onu görəndə daha da ürəklənirdi. Fikirləşirdik ki, Milli Qəhrəman Şükür Həmidov yanımızdadırsa, bizə ölüm yoxdur!”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

26.01.2021 / 16:30
 
Xəbər lenti