FHN “Diqlas”dakı yanğınla bağlı detalları açıqladı

FHN “Diqlas”dakı yanğınla bağlı detalları açıqladı


Fövqəladə Hallar Nazirliyi (FHN) martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Gecce.az-ın FHN-ə istinadən məlumatına görə, martın 26-da saat 08:13-də nazirliyin 112 – “qaynar telefon” xəttinə Bakının Nizami rayonu, Qara Qarayev prospekti - 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində (dönərxana) yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 08:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 08:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 yanğınsöndürmə helikopteri cəlb olunub.

Yanğın nəticəsində dörd mərtəbədən və mansarddan, eləcə də üçmərtəbəli zirzəmidən ibarət ticarət mərkəzinin zirzəmisinin mənfi birinci mərtəbəsindən binanın mansardına kimi içərisində təsərrüfat, geyim və s. mallar olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kvadratmetr sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kvadratmetr sahədə (ümumilikdə 16 min 500 kvadratmetr sahədə) yanıb.

Saat 12:30-da yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Sonrakı mərhələdə kəşfiyyat, soyutma, ticarət mərkəzinin zirzəmisində gizli yanğın və tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü və söndürmə işləri aparılıb. Yanğın saat 23:45-də tam söndürülüb.

“Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2-ci və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5 min kvadratmetr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2, meyvə-tərəvəz bazarı 2,5 hektar ərazidə və üç mərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Əməliyyat-istintaq idarəsində cinayət işinin başlanılması ilə bağlı qərar qəbul edilib və istintaq qrupu yaradılıb.

Nazirlik qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yanğın tam söndürülmədən yanğınsöndürmə bölmələrinin ərazini tərk etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. FHN bu məlumatların kökündən yanlış olduğunu, reallığı əks etdirmədiyini bildirib.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort