Atasını öldürən sürücünün həbsini tələb edir - 4 ay keçib

Atasını öldürən sürücünün həbsini tələb edir - 4 ay keçib


Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində 136 saylı sərnişin avtobusunun sürücüsü Yelmar Atakişiyev idarəetməni itirərək səkidə dayanan şəxsləri vurub və 61 yaşlı Mansur Namazov qəza nəticəsində vəfat edib.


M.Namazovun qızı Rəna Namazova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, atasının ölümündən 4 ay keçsə də, sürücü Y.Atakişiyev hələ də azadlıqdadır: “Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik. Ondan başqa da 2-3 nəfər yaralanmışdı. Yelmar isə qəzadan sonra yaralılara kömək etmək əvəzinə yerə düşüb dağılan qəpiklərini yığırdı”.

Rəna Namazova bildirib ki, faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılsa da, sürücü tutulmayıb: “Prokurorluq onun həbs edilməsi üçün təqdimat versə də, Xəzər Rayon Məhkəməsi rədd etdi. Halbuki, Yelmar Atakişiyev əvvəllər də oğurluq etdiyi üçün məhkum olunub. Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb və bu yolla onlarla insanın həyatını təhlükəyə atır. Lakin artıq 4 aydır ki, hadisəni törədən, cinayətkar, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev hələ də azadlıqdadır.

Mən Xəzər rayon Məhkəməsində işə baxan hakim Zeynəb Axundovadan bir övlad kimi, evinin böyüyünü itirmiş qadın kimi xahiş edirəm, bu işə düzgün baxsın və ədalətli qərar çıxarsın”.

Bu işdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də zərərçəkmiş kimi tanınıb. Y.Atakişiyev öncə yol polisinin müşahidə kamerasının bərkidildiyi dirəyi vurub aşırıb. Lakin Y.Atakişiyev dövlətə və digər xəsarət alan şəxslərə dəyən maddi ziyanı da ödəməyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti