Xəbərdarlıqlara əməl etməyən restoranlar cərimələnir

Xəbərdarlıqlara əməl etməyən restoranlar cərimələnir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şadlıq sarayları və restoranlarda monitorinqlərə başlayıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirlik rəsmiləri və mütəxəssilər şadlıq saraylarına baş çəkərək onların tüstü vasitəsilə ətraf mühitə verdikləri ziyanı ölçürlər. Atmosferə normadan artıq tullantı atan iaşə obyektləri cərimələnir.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, bundan öncə nazirlik tərəfindən ictimai iaşə obyektlərinə vaxt verilib ki, atmosferə atılan tullantılarla bağlı mövcud problemlərin aradan qaldırılması üçün təmizləyici qurğular quraşdırsınlar: “Verilən vaxt başa çatdıqdan sonra monitorinq keçirilib və məlum olub ki, paytaxtda yalnız 9 obyektdə bu avadanlıqlar quraşdırılıb. 56 obyektdə artıq şirkətlərlə rəsmi müqavilələr bağlanıb. Rəhbərliyimiz tapşırılıb ki, avadanlıqların quraşdırılması üçün işlərə başlayan obyektlər cərimədən kənarda saxlanılsın. 88 obyekt isə ümumiyyətlə bu istiqamətdə heç bir iş aparmayıb. Bu obyektlərin 30-da monitorinq aparılıb, artıq onların cərimələnməsi üzrə işlər görülür.

Cərimənın miqdarı atmosferə atılan zəhərli qazın normadan neçə dəfə çox olmasından asılıdır”.

İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsinə əsasən vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qeyd edib ki, bununla bağlı təmsil etdiyi qurumun 168 nömrəli Qaynar xəttinə vətəndaşlardan çoxlu şikayətlər daxil olub: “Məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. İctimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərində Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, əksər restoranlarda atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol veriliən qatılıq həddindən dəfələrlə artıqdır.

Sahibkarlara havaya atdıqları tüstü axınına və qoxuya görə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması məqsədilə vaxt verilib. Görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara məhəl qoymayan, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə artıq sərt tədbirlərin görülməsinə başlanılıb.

Görülən inzibati tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik tərəfindən həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq”.

Sentyabrın 7-də keçirilən monitorinqdə “Lido” və “Cıdır düzü” restoranlarında monitorinq aparılıb. Götürülən nümunələr əsasında labortoriya şəraitində analiz aparıldıqdan sonra müvafiq qərar veriləcəyi bildirilib. Hər iki restoranın məsul şəxsləri lazımi avadanlıqların quraşdırılması işlərinə başladıqlarını və artıq həmin adavlıqları satan şirkətlərlə danışıqlar apardıqlarını bildiriblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort