Bu qızcığazı həbsxanada dünyaya gətirib... - 4 oğlu var idi

Bu qızcığazı həbsxanada dünyaya gətirib... - 4 oğlu var idi


Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 634 nəfər bu gündən başlayaraq azadlığa buraxılıb.

İlk tədbir Pentensiar Xidmətin rəisi Oqtay Məmmədov, Obudsman Elmira Süleymanova, hüquq müdafiəçisi Əliməmməd Nuriyev və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə qadın məhbusların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssəsində baş tutub.

Azadlığa çıxan qadınlar arasında 5 uşaq anası Gündüz Babayeva da var. Onun 14,13, 9 və 6 yaşlarında 4 oğlu var. Sonuncu övladı, 6 aylıq qızı Ayam isə cəzaçəkmə müəssisəsində dünyaya göz açıb. Onun adı cəzaçəkmə müəssisəsinin qadın əməkdaşı Ayam xanımın şərəfinə qoyulub. Narkotik daşıma ittihamı ilə tutulan 31 yaşlı G.Babayeva 1 il 3 ay həbsdə qalıb, indi isə onu 4 oğluna qovuşduran prezidentə təşəkkür etdiyini bildirir. G.Babayevanın anası qeyd edir ki, qızının əri ondan ayrılmasa da, ailəsinə baxmayıb və maddi vəziyyətləri pis olduğu üçün 4 oğlanın heç biri orta məktəbə gedə bilməyib. O, həm də sosial yardım almaq üçün dəfələrlə etdikləri müraciətin nəticəsiz qaldığını bildirib: “Yardım edilsəydi, gələcəyin 4 əsgəri ən azından yazıb-oxumağı öyrənə bilərdilər”.

Xatirə Bayramova isə 2013-cü ildə ərini bıçaqladığı üçün 6 il 9 ay cəza alıb, Gülnarə Əzizova da eyni əmələ görə məhkum edilib.

1989-cu il təvəllüdlü Samirə Yusubova isə avtoqəzada 1 nəfərin ölümünə səbəb olduğu üçün 7 il cəza alıb, yuxarı isntansiyalar onun cəzasını 5 il 6 aya endirib. 3 il 3 ay cəza çəkdikdən sonra əfv edilib. O, deyir ki, azadlığa çıxacağını dünən bilib: “Cəzaçəkmə müəssisəsinin rəhbərliyi çağıraraq “sənin də adın əfv sərəncamında var” dedi. Həmin anda sevincimin həddi-hüdudunu təsvir edə bilmirəm. Bütün məhbus qadınlar adından cənab prezidentə təşəkkür edirəm”.

Bu müəssisədən sonra əfvin icrası 6 saylı cəzaçəkmə müəssəsində davam edib. Orada da atalarını və oğullarını gözləyənlər hamıdan öncə toplaşmışdılar. Azadlığa buraxılanlar arasında şair Saday Şəkərli də var idi. O, Vergilər Nazirliyinin vəzifəli şəxsinə hədə-qorxu gəlib pul almaqda ittiham edilib və 5 illik cəzasının yarısını çəkəndən sonra azadlığa çıxıb.

Bir oğul atası olan 44 yaşlı Cuma Qurbanov 2014-cü ildə dostu Siyasət Məmmədov üçün qız qaçırdıqlarına görə həbs olunub. Onlar Mingəçevir şəhərində tələbə olan qızı zorla maşına mindirib qaçırıblar. C.Qurbanov 5 illik cəzasının 3 ilini çəkib, bu gün isə onu türmə önündə 10 yaşlı oğlu qarşılayıb.

Tural Baxşəliyev isə 2011-ci ildə qız qaçırdığı üçün ona verilən 10 illik cəzanın 7 ilini geridə qoyub, 3 ili ona bağışlayan prezidentə təşəkkür etdiyini bildirib.

Əfv sərəncamı yalnız bunlarla məhdudlaşmır, bu sərəncam 634 nəfərə şamil edilib. Hazırda əfv edilən məhkumların azadlığa qovuşması digər müəssisələrdə də davam etdirilir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti