Arvadını döyən qaynını güllələdi - Ağcabədidə şok cinayət

Arvadını döyən qaynını güllələdi - Ağcabədidə şok cinayət


Ağcabədi rayonunda odlu silahla qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Laçın rayonundan məcburi köçkün düşmüş 1989-cu il təvəllüdlü Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tural Allahverdiyev həyat yoldaşı Səfayət Hüseynovanın ayağında xəsarəti görüb və bununla maraqlanıb.

Səfayət Hüseynova xəsarətin ona qardaşı Valeh Hüseynov tərəfindən yetirildiyini bildirib. Sonra o, arvadını qayınatası Cəbrayıl Hüseynovun yaşadığı Ağcabədi rayonunun Gələbədin kəndinə aparıb.

Səfayətin döyülməsi ilə bağlı qayını Valehə zəng edib və bu barədə ondan soruşub. Bu zaman qayın ilə yeznənin sözləri düz gəlməyib və mübahisə ediblər.

Bundan sonra Tural Allahverdiyev mobil telefonda Valehin ünvanına təhqiramiz ifadələr və hədə dolu mesajlar yazıb.

Daha sonra Tural Allahverdiyev arvadını atası evində qoyaraq geri qayıdıb.

Bundan bir neçə gün sonra Tural Allahverdiyev həyat yoldaşının evlərinə qayıtması üçün valideynlərini, bibisi Müşginaz Məmmədova və dayısı arvadı Kəklik Yedigarovanı qayınatasıgilə göndərib.

Lakin Valeh Hüseynov bacısı Səfayətin geri qayıtmasına imkan verməyib. Valeh Hüseynovun arvadı Səfayətin geri qayıtmasına mane olduğunu eşidən Tural Səfayətlə danışmaq üçün qayınatasının istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib.

Onun zənginə cavab verən Valeh Hüseynov bir daha bacısını onların evinə getməyə qoymayacağını bildirib. Valehin bu hərəkətindən hiddətlənən Tural onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Tural Allahverdiyev evində olan ov tüfəngini götürüb və atasına məxsus “Mercedes” markalı avtomaşınla qayınatasının yaşadığı Gələbədin kəndindəki fermaya gəlib. Orada maşmdan düşmədən pəncərənin şüşəsini bir qədər aşağı endirib və tüfəngi Valeh Hüseynova tərəf tuşlayıb.

Tural Allahverdiyev atəş açaraq Valeh Hüseynovu anası və atasının gözləri qarşısında güllələyib. Həmin hadisədən sonra Valeh Hüseynova ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tural Allahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Allahverdiyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tural Allahverdiyev apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq niyyəti ilə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsinə tövsüf edilməsini xahiş edib.

Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində şikayəti araşdıran hakim heyəti Tural Allahverdiyevin şikayətinin təmin edilməsi barədə qərar qəbul edilib.

Məhkəmə Tural Allahverdiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsini həmin məcəllənin 221.3-cü maddəsinə tövsüf edib və onun cəzasını 5 ilə endirib.

Ali Məhkəmə tərəfindən bu qərar prokurorluğun protesti əsasında ləğv edilib və iş yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Apelyasiya instansiyasında işə baxan hakim heyəti bu dəfə Tural Allahverdiyevin əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsüf edib və barəsində olan cəzanı 1 ilə endirilib.

Bu qərardan prokuror yenə də narazı qalıb və Tural Allahverdiyevin cəzasının ağırlaşdırılması üçün protest verib. Ali Məhkəmə prokurorun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul edib.

Şirvan Apelyasiya Məhkəməsində 3-cü dəfə işə baxan hakim heyəti müdafiə tərəfinin apelyasiya şikayətini qismən təmin edib və Tural Allahverdiyevin barəsində qəti olaraq 5 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Bu qərardan narazı qalan prokuror növbəti dəfə Ali Məhkəməyə üz tutub. Bu günlərdə Ali Məhkəmədə işə baxan hakim İnqiab Nəsirov prokurorun protestini təmin edib.

Hakim heyəti Şirvan Apelyasiya Məhkəməsinin sonuncu qərarını da ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

İş yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə araşdırması başlanacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti