32 yaşlı azərbaycanlı qadın: "Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü" - FOTO

32 yaşlı azərbaycanlı qadın: "Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü" - FOTO


Yaşadığımız mühitin gözəlliklərindən, şıltaq uşaqların səs-küylü əhatələrindən, şəhərin gur işıqlarından, bahalı avtomobillərin şütüdüyü yollardan keçib, bir anda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə ayaq basıb, oradakı qadınların, uşaqların çarəsiz, iztirablı üz ifadələrini gördükdə sanki başqa bir dünyaya - ümidsizliyin, qaranlığın hökm sürdüyü bir aləmə düşürsən.

Gecce.az bildirir ki, fiziki zorakılıq ucbatından gözünün altı göyərmiş, qorxudan tir-tir əsən, rəngi solmuş 32 yaşlı iki uşaq anası Fəridə (ad şərtidir) keşməkeşli həyat hekayəsini virtualaz.org-a danışdı. O, sözlərinə belə başladı:

- Uşaqlığım da yaxşı keçməyib. Ailəmiz böyük idi. Atamla anam səhər gedib axşam gəlirdilər. Bacı-qardaşlarıma baxan olmadığına görə 5-ci sinifdən sonra məni məktəbdən çıxarmağa məcbur oldular. Evin bütün işləri mənim üstümdə idi.

- Bəs həyatınızın bu axarı necə dəyişdi?

- 16 yaşım var idi. Gələcək ərimlə eyni kənddə yaşayırdıq, uzaq da olsa, qonşu idik. Tanışlıq müddətimiz uzun çəkmədi. Qoşulub qaçdıq. Yaşım çatmadığı üçün nikaha daxil ola bilmədik. Oğlum birinci sinfə gedəndə məcbur olub münasibətimizi rəsmiləşdirdik.

- Ailəniz sizin bu qərarınıza müdaxilə etmədi?


- 1-2 il heç danışmadıq. Mən zəng edirdim, telefonlarıma cavab vermirdilər. Evlərinə gedirdim, qapıdan qovurdular. Yoldaşımın mənə qarşı pis münasibətini biləndən sonra anam gizlicə mənlə əlaqə saxlayırdı. Atamın xəbəri yox idi. Oğlum anadan olandan sonra atamla da barışdıq.

- Bura zorakılığa görə müraciət etmisiniz. Həyat yoldaşınızın bu cür davranışına səbəb nə oldu?

- Deyə bilərəm ki, gözümün yaşı heç vaxt qurumayıb. Evə gec gəlirdi, içirdi, çəkirdi. Söz-söhbət olurdu, döyməyə başlayırdı. Elə söyüşlər söyürdü ki, dilə gətirmək mümkün deyil. Hələ indi yaxşı vəziyyətdəyəm. Elə olub ki, çox ağır yaralanmışam, polisə şikayət etmişəm, ekspertiza keçirilib. Yoldaşım sonra yalvarıb başa saldı ki, işim yoxdur, uşaqlara baxa bilməyəcəyəm. Mən də şikayətimi geri götürdüm. Bir müddət aramız düzəldi, çox çəkmədi ki, yenə eyni davalar, söyüşlər davam etdi.

- "Söz-söhbət" deyəndə ən çox hansı mövzuları nəzərdə tutursunuz?

- Ümumiyyətlə, ona "hara gedirsən?", "niyə gedirsən?" kimi suallar verməyə haqqım yox idi. Ailəmlə ünsiyyətdə olmağa icazə vermirdi. Nə ev, nə də mobil telefonum var idi. Harasa getsəm, yalnız oğlumla getməyə icazə verirdi. Qısqanclığı məni boğaza yığmışdı. Qoyduğu qadağalar əsassız idi. Həmişə nəyəsə bəhanə tapırdı, mən özümü müdafiə etməyə çalışanda isə döyürdü.

- Bəs bir qadın kimi bütün bunlara qarşılıq olaraq ayrılmağı düşünmürdünüz?


- Savadım yox, imkanım yox... Ortada uşaqlar var. Həm də ondan qorxurdum, bir qadın nə qədər dözər bu əzab-əziyyətə?! Dəfələrlə başımı divara çırpırdı, məcburən ağzımı açdırıb tüpürürdü. Saçımdan tutub bütün evi sürüyürdü, ayağının altına salıb təpikləyirdi. Gecələr elə ağrılarım olurdu ki, yata bilmirdim. Olub ki, günlərlə yuxuya həsrət qalmışam.

- Bütün bunları uşaqların gözü qarşısında edirdi?

- Bəli, oğlumu öyrətmişdi, oğlum mənlə danışmır. Uşağı özünə oxşadıb. 9-cu sinifdə oxumasına baxmayaraq, papiros çəkir, evdən pul oğurlayır, dərslərini oxumur. Ancaq avaralıqla məşğuldur. Oğlum mənə deyirdi ki, "cavab qaytarmasan, döyülməzsən, sənə etdikləri hələ azdır". Qızım oxuyan uşaqdır. O, bu hadisələr qarşısında ancaq ağlayırdı.

- Bəs valideynləriniz niyə göz yumur bütün bunlara?


- Yoldaşım narkotikdən istifadə etdiyinə görə iki il həbsxanada olub. Həmin müddətdə mənə valideynlərim kömək edib. Həmçinin özüm də evlərə təmizliyə gedirdim, döşək yuyurdum, çörək bişirirdim. Bir dəfə ailəlikcə bacımın toyuna getmişdik. Orada məndən asılı olmadan atamla ərim aralasında mübahisə düşdü. Möhkəm dalaşdılar. Valideynlərimi təhqir etdi. Sonra isə mənə şərt qoydu: "ya valideynlərin, ya da mən". Mən də uşaqlara görə ailəmdən üz döndərdim, yoldaşımı seçdim. İndi isə ailəmin yanına qayıtmağa üzüm yoxdur. Heç xəbərləri yoxdur ki, mən sığınacağa gəlmişəm.

- Necə oldu ki, özünüzdə qüvvə tapıb evdən qaçdınız?

- Əslində, mən qaçmadım. Sonuncu dəfə dalaşanda içkili gəlmişdi. Oğlumun telefonuna baxdı və gördü ki, anamla danışmışam. Qışqırmağa başladı, üstümə cumdu və məni təpiklədi. Uşaqlar otaqlarına qaçdılar. O qədər döydü ki, qan içində qaldım. Başa salmağa çalışırdım ki, o həbsxanada olanda mənə anam baxıb. Hətta evimizin 150 manat kirayə pulunu da anam ödəyirdi ki, onun avtomobilini satmayaq. Deyirdi ki, yoldaşın azadlığa çıxanda sürər. O da buna baxmayaraq, anamı söyməyə başladı və məni çölə atdı. Qızım istədi ki, qapını açsın. Yoldaşım da uşaqlara dedi ki, qoy getsin, ondan sizə ana olmaz, anası ona təzə kişi tapar. Bu sözdən sonra başa düşdüm ki, onunla yaşamaq artıq mənasızdır. Səhərə qədər qonşuluqdakı çörəkbişirmə sexində qaldım. Səhər açılanda sığınacağın ünvanını öyrəndim və bura gəldim.

- Uşaqların aqibəti necə oldu?

- Oğlum atası ilə qalır. Onsuz da daha mənimlə tamam yad insan kimi davranır. Qızımı da vermirdi, səhər məktəbə getdim. Qızım dərsdə idi. Gözlədim ki, zəng vurulsun. Dərsdən çıxanda götürüb yanıma gətirdim. İndi isə dərsə gedə bilmir. Məktəbi çox uzaqdadır. Həm də qorxuruq ki, gəlib qızımı qaçırar. Qızım da onun yanına getmək istəmir. Özü də yaxşı oxuyandır, evdəki davalar, söz-söhbətlər dərslərinə təsir edirdi.

- Geri gəlsə, barışarsınız?

- Yox, bu dəfə fikrim qətidir. Həmin əzabları bir də çəkmək istəmirəm. Boşanacağam. İlk fürsətdə ərizə verməyi düşünürəm. Yenə də evlərə təmizliyə gedib, qızımı böyüdəcəyəm. Qızımın bu cür əxlaqsız ata ilə birlikdə böyüməsinə razı olmaram. Məncə, o buna layiq deyil. Söydüyü söyüşlər qızımın gələcək tərbiyəsinə mane olar.

Mühasibimiz bu sözləri dedikdən sonra onunla sağollaşıb, çıxırıq sığınacağın həyətinə. Neçə-neçə davaların şahidi olmuş, qulaqları lazımsız söyüşlər eşitmiş, çarəsiz uşaqları görürük. Təəssüf hissi ilə oradan ayrılırıq. Nağıllarda da deyildiyi kimi, "qaranlıq dünyadan işıqlı dünyaya keçid edirik".

Yolla irəlilədikcə bir əlində anasının, bir əlində atasının əli olan uşaqlar görünür. Üzlərində təbəssüm, yanlarında oyuncaqları. Bir anlıq düşünürsən ki, sığınacaqdakı uşaqlar da xoşbəxt ola bilərdilər. Axı onların heç bir günahı yoxdur...

32 yaşlı azərbaycanlı qadın: "Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü" - FOTO

32 yaşlı azərbaycanlı qadın: "Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü" - FOTO



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

17.01.2018 / 13:06
 
Xəbər lenti