İşləməyən köçkünlərlə bağlı təklif qəbul edilməyib

İşləməyən köçkünlərlə bağlı təklif qəbul edilməyib


Büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əmək haqlarının verilməsi ilə bağlı qərarın müddətinin uzadılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin etdiyi təklif qəbul edilməyib.

"Qafqazinfo"ya komitədən daxil olan məlumatda qeyd olunur ki, Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli qərar qəbul edilib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər.

Bildirilib ki, sonraki illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılmış və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilib:

"Cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılmış, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılıb".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti