Noyabrın 15-dən Bakıda istilik mövsümü başlayır - İsti su sayğacla verilə bilər

Noyabrın 15-dən Bakıda istilik mövsümü başlayır - İsti su sayğacla verilə bilər


"Azəristiliktəchizat" ASC 2017-2018-ci illər üçün istilik mövsümü ilə bağlı işləri yekunlaşdırır.

Bakı şəhərində istilik mövsümünə noyabr ayının 15-dən keçiləcək. Bu barədə AzNews.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hələlik mövsüm sayğaclaşma olmadan başlayacaq. Lakin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əksini tapan bu plana uyğun olaraq maliyyə təminatı həll edildiyi təqdirdə istiliyin sağyaclaşma əsasında verilməsi mümkündür:

"Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC aidiyyatı qurumlara təkliflərini göndərib və onlara baxılıb. Maliyyə təminatı olduğu təqdirdə mövsümün ortasında da sayğaclaşma aparmaq mümkündür. Bu, bizim üçün elə də çətin proses olmayacaq. Sayğaclaşma üçün 2 ay da bəs edər."

Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Tarif Şurası elektrik və qazın qiymətini qaldıranda “Azəristiliktəchizat”a verilən suyun qiymətini də bahalaşdırıb.

Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına görə, “Azəristiliktəchizat” “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarına dəyişiklik edib.

Dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kubmetr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.

Daha öncə bu qiymətlər 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.

Hələlik isə mövsümün başlaması ilə bağlı bu məqsədlə cəmiyyətə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub. Bütün lazımi yoxlanışlar həyata keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Eyni zamanda qazanxanalar ehtiyat qazan və nasoslarla da təmin edilib.

İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də işlər görülüb. 1052 km istilik xətləri yuyularaq hidravlik təzyiqə yoxlanılıb. 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub. 569 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

Sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin 956 saylı “Çağrı mərkəzi” də aktivdir. Eyni zamanda “Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti