BNA avtobus sürücüsünün döyülməsi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib

BNA avtobus sürücüsünün döyülməsi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib


Sentyabrın 18-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Sentyabrın 18-də saat 17:30-da metronun "Memar Əcəmi" stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə aparılıb, onun qaşına tikiş qoyulub.

Gecce.az xəbər verir ki, son faktla bağlı Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, döyülən sürücü agentliyin qaydalarına uyğun olaraq hərəkət edib:

"Bir daha bəyan edirik ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Kart sistemi ilə işləyən avtobuslarda qayda budur ki, sərnişin ön qapıdan minməlidir. Hadisə zamanı sürücü qaydalara uyğun olaraq haqlıdır. Sərnişin isə qaydaları pozmağına baxmayaraq, hər vəchlə özünü haqlı sayır, sürücünü təhqir etməkdən çəkinmir. Bu azmış kimi sərnişinin oğlu da sürücüyə hücum edir, onu təhqir edir və fiziki təzyiq göstərir".

BNA həmçinin, daşıyıcılara avtobuslarda kamera quraşdırmağı tövsiyə edib:

"Avtobuslarda müşahidə kameralarının olması vacib amildir. Məhz bu kameralar vasitəsilə baş verən insidentlər vaxtında aşkar edilir və operativ araşdırılır. Bütün bunları nəzərə alaraq, daşıyıcıları kameralarla bağlı tələblərə riayət etməyə çağırırıq".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, bu cür halların baş verməsinə səbəb avtobuslar kart sisteminə keçməzdən əvvəl sərnişin avtobuslarını idarə edən sürücülərin etdikləri qanunsuzluqlardır: "Əvvəllər sürücülər istədikləri yerdə avtobusları saxlayıb sərnişinləri düşürür və götürürdü. Bu da uzun illər belə olduğundan sərnişinlərin vərdişinə çevrilmişdi. Bununla bağlı Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq edilmiş "Sərnişin və baqaj daşımaları qaydaları" var. Həmin qaydalarda göstərilir ki, avtobuslarda sərnişinlər ön qapıdan avtobusa daxil olmalı və arxa qapıdan düşməlidirlər. Bu qərar hələ avtobuslar kart sisteminə keçməzdən əvvəl də var idi. Sadəcə, bu qaydalara əvvəllər sürücülər əməl etmirdilər. Sərnişin hansı qapı olur-olsun, avtobusa daxil olurdu və sürücülər istənilən yerlərdə dayanacaqdan kənar avtobusları saxlayırdılar. İndi isə kart sisteminə keçiləndən sonra sürücülərin qaydalara əməl etməsini bəzi məlumatsız sərnişinlər qəbul etmək istəmirlər. Sərnişinlər sürücülərin bu hərəkətlərini özlərinə hörmətsizlik kimi qəbul edirlər və nəticədə xoşagəlməz hallar baş verir".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti