Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..." » Gecce.Az Xəbər Portalı
Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."


Publika.az-ın müsahibi "Azad Azərbaycan" telekanalının Yaradıcılıq Departamentinin müdiri, “Parni iz Baku” KVN komandasının üzvü Vado Korovindir.

- ATV-də çalışdığınızı yeni öyrənmişəm. Neçə ildir buradasınız?

- 2012-ci ildən.

- Televiziyada işləmək necədir?

- Bu mənim televiziyada ilk təcrübəm deyil. Bundan əvvəl də bir neçə layihələrdə çalışmışam. Amma yaradıcı layihələrdə. İndi isə inzibati vəzifədə işləyirəm. Təbii ki, yaradıcılığı da önə çəkirik, amma artıq bütün komandaya cavabdehəm.

- Bundan öncə hamı sizi istedadlı aktyor kimi tanıyırdı. İndi isə rəhbər vəzifədəsiniz. Necə düşünürsünüz, insanların sizə qarşı münasibəti dəyişibmi? Axı rəhbər olmaq həm də sərtlik tələb edir.

- Bilirsiniz, mən bu sahənin içində yetişmişəm. Vağzalda işləyib, sonra televiziyaya keçməmişəm. Ona görə rejissoru da anlayıram, redaktoru da, ən xırda əməyi keçən işçini də. Təbii ki, aramızda mübahisələr də olur. Bəzi fikirlərimizi qəbul etmirik. Amma məndə “rəhbərəm” pafosu yoxdur. Ümumiyyətlə, pafosu sevmirəm.

- Amma zahiri görünüşünüz tam əksini deyir.

- Ola bilər.

- Vado bəy, bu gün milli televiziya kanallarında böyük durğunluq yaşanır. Hətta Rusiya efirindəki “Komedi Klab” layihəsinin yanından ötən veriliş yoxdur. Əyləncəli verilişlərsə belə deyək, çayxana tiplidir.

- Sizə bir söz deyim, televiziya hər yerdə olduğu kimi bizdə də cəmiyyətin bir parçasıdır. Burada savadlı insanlar da var, savadsızlar da. Bəziləri özünə redaktor deyir, heç adını belə yaza bilmir. Bəziləri də özünə aparıcıyam deyib, özünü apara bilmir. Ümumiyyətlə, digər ölkə kanalları ilə bizim televiziyaları müqaisə etməyi doğru hesab etmirəm. Totalitar rejimdən yenidən çıxıb, müstəqilliyə qovuşmuş gənc ölkəyik. Bəzən deyirlər ki, əvvəllər televiziya belə deyildi, gözəl verilişlər vardı. Dövlət televiziyasının efirində bir vaxtlar nümayiş olunan "Səhər görüşləri" verilişinə indi baxanda, çox sıxıcı gəlir bizə. Yaxud da yadınızdadırsa “Retro” adlı proqram vardı. Ayaz Salayev, Həmidə Ömərova öncə film haqda peşəkar məlumat verirdilər, sonra isə kino nümayiş olunurdu. İnanın ki, heç kim onları dinləmirdi. Hamı gözləyirdi ki, tez filmə baxsınlar. 90-cı illərdən sonra Eldar Quliyev "Disney" haqda layihəyə başladı. Həmin layihədən çox şey öyrəndik. Eldar müəllimi hər dəfə görəndə minnətdarlığımı bildirirəm. Müstəqilliyimizə yeni qovuşanda isə təkcə AzTV idi. Orada da senzura vardı. Diktorların xüsusi saç düzümü, danışıq tərzi olmalı idi. Artıq tamaşaçı kütləsi bunu istəmədi və kommersiya tipli müstəqil kanallar fəaliyyətə başladı. Burada da reytinq məsələsi üzə çıxdı. Çox adam bu məfhumu sevmir. Ancaq məhz reytinq sayəsində biz anlayırıq ki, veriliş baxılır, ya yox. Reytinq televiziyalara görə yox, böyük şirkətlərə görə yaradılıb. Məsələn, Coca-Cola, P&G kimi böyük şirkətlər verilişin adına, aparıcısına, mövzusuna nəzər yetirmir. Onları sadəcə reytinq maraqlandırır. Reytinq yüksəkdirsə. əməkdaşlıq edirlər. Biz də kommersiya kanalıyıq. Təbii ki, öncə verilişlərin baxılma dərəcəsinə diqqət yetiririk. Əgər bir veriliş istədiyimiz reytinqi verirsə, bu bizə daha maraqlıdır. Çünki buradan pul qazanırıq. Pul bizə göydən düşmür. Bizim işçilərimiz də evlərinə pul aparmalıdırlar. Yəni reytinq nə qədər yüksək olsa, kollektivimiz daha yaxşı maaş alacaq.

- Bəs verilişlərin səviyyəsi heç kimi maraqlandırmır?

- Verilişin səviyyəsi ürəkaçan deyilsə, niyə baxılır? Özü də bu verilişlərə səviyyəsiz deyənlərin çoxu heç yerli kanallarımıza baxmırlar. Bir də görürsən rusdilli təbəqəyə aid olan biri feysbukda status yazıb. Kanalları tənqid edir. Sən bu verilişləri izləmirsənsə, necə tənqid edirsən? Səhərdən axşamadək intellektual verilişlər nümayiş olunsa, inanın ki, baxılmayacaq. Ümumiyyətlə, bu mövzular məni hiddətləndirir. Bir də görürsən yaşlılar təhqirə keçirlər. Bizim vaxtımızda belə əxlaqsızlıq yox idi. Zaman dəyişir axı... İndi internet dövrüdür. Bir də görürsən hansısa kanalda efirə 3-4 nəfər yaşlı adam çıxıb. Biri yatır, digəri əsnəyir. Tamaşaçı da kanalı çevirir. Çünki nə dinamika var, nə də konkret fikir.

- İndi insanları ən çox qalmaqal maraqlandırır.

- Qalmaqal nədir? Bir maraqlı hadisənin qabardılmasıdır. Axı insanlara iki müğənninin bir-birinə dedikləri maraqlıdır. Bu da şişirdilib, qalmaqala səbəb olur.

- Bir neçə ay öncə Fransanın məşhur heykəltəraşı ilə müsahibə etdim. Xanım Salvador Dalinin evində yaşayır, YUNESKO-nun xoşməramlı səfiridir, dünyanın hər yerində əsərləri sərgilənir. Eyni gündə şoudan yazan dostum bayağı bir müğənni haqda xəbər hazırladı. Həmin xəbər mənim müsahibəmdən qat-qat çox oxundu. Buna nə deyəcəksiniz?

- Sizin probleminiz bilirsiniz nədir? Siz xalqın böyük hissəsinin seçimini qəbul etmək istəmirsiniz. Böyük əziyyətlə etdiyiniz müsahibədən sonra istədiyiniz reytinq olmadı. Artıq gələn dəfə çalışacaqsınız ki, bayağı yox, daha istedadlı müğənni haqda yazasınız.

- Cəbiş müəllimin misalı kimi səslənsə də, mən şou biznesdən heç vaxt yazmayacam.

- O zaman ölkə izləyicisinə yeni tanıtdığınız simalarla müsahibələrin reytinqləri alt-üst edəcəyindən əlinizi üzün.

- Amma həmin müsahibələrin reytinqləri alt-üst etdiyi də az olmayıb.

- Bilirsiniz, məni ən çox nə qıcıqlandırır? İnsanlar deyirlər ki, televiziya tərbiyə etməldir. Biz televiziya olaraq, nə təhsil, nə də mədəniyyət nazirliyinin funksiyalarını yerinə yetirməli deyilik. Kommersiya kanalı olduğumuz üçün əyləncə, şou tipli proqramları seçmişik. Əgər intellektual, mədəniyyət, incəsənət tipli maarifləndirici verilişlərə baxmaq istəyirsinizsə, dövlət sizə bu imkanı yaradır. Bizim dövlət kanallarımız var. Bu səpgidən olan verilişləri limitsiz izləyə bilərsiniz. Çünki dövlətin büdcəsindən maliyələşirlər. Bu kanallar reytinqlərdə iştirak etmirlər. Biz kimisə ATV-yə baxmağa məcbur etmirik axı. Seçim öz əlinizdədir. Baxın da, gül kimi kanallardır.

- Bəs bir KVN-çi kimi şou verilişlərinin aparıcılarının yumor hissi sizi qane edir?

- Baxın, bu insanlar xalqın içərisindən çıxıblar. Onlar zarafatı edib, cəmiyyətdən cavab gözləyirlər. Cavab da reytinq şəklində gəlib, əlimizə çatır. Bu proqramların da reytinqləri yüksək olur. Demək, tamaşaçı kütləsi bununla qane olur.

- Qane olur demişkən, bu yaxınlarda Zaurun xalat məsələsi gündəmə gəldi.

- Hamı başladı ki, bu nə biabırçılıqdır, bu nə faciədir. Ay camaat, hansı əsrdə yaşayırıq? Kanallarda güləşə, gimnastikaya baxmırsınız? Ölkədə dünya səviyyəli yarışlar, müsabiqələr keçirilir. Və birdən xalat problemi üzə çıxır. Mən əminliklə deyirəm ki, Zaur Baxşəliyev uzun illərdir ki, ölkənin bəlkə də bir nömrəli şou aparıcısıdır. Bu insanın xalatda efirə çıxmağını dilə gətirəndə, indiyədək sağlığına qovuşdurduğu minlərlə insanı niyə demirsiniz? Bu yaxınlarda Zaurun verilişi vasitəsilə bir ümidsiz xəstənin Belarusda ürəyini dəyişdilər. Niyə mağara dövrünə geri dönək? Verilişin mövzusu budur ki, ailə hər həftəsonu evində qonaq qəbul edir. Məgər siz evinizdə xalat geyinmirsiniz? Elməddin Elməddindir, Fərda da Fərda. Qəbul etmirsənsə, baxma.

- İndi gəlin hər ikimiz media nümayəndəsi olduğumuzu unudaq. Cəmiyyətin iki fərdi kimi danışaq. Xalqmızın hazırkı intellektual səviyyəsindən razısınız?

- Övladınız var?

- Bəli

- Neçə yaşı var?

- 5 yaşı var və mən onun gələcəyindən çox narahatam.

- Bundan tək siz yox, hamımız narahatıq, amma bir valideyn kimi öz uşaqlarımızın taleyi bizi daha çox düşündürür. İndi yəqin ki, imkanınız daxilində onu yaxşı bağçaya qoymusunuz. Sonra məktəb seçimi edəcəksiniz. Son siniflərdə görəcəksiniz ki, məktəbdəki təhsil unversitetə qəbul olmaq üçün bəs eləmir. Əlavə hazırlıqlara qoyacaqsınız. Buna da kifayət qədər pul ödəyəcəksiniz. Tutaq ki, çayxanaya gedib, dadlı steyk tələb edirsiniz. Anlayın ki, zövqünüzü oxşayan, keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, pul ödəməlisiniz. Məsələn, ümumi tibbi yoxlanışdan keçmək istəyirsiniz. Təbii ki, dövlət sizə alternaytiv olaraq pulsuz xəstəxanalar təklif edir. Amma maddi durumunuz imkan verirsə, bahalı avadanlığı olan özəl tibb müəssisəsini seçirsiniz. Mən bu mövzunu da televiziyanın üzərinə yönəltmək istəyirəm. Sizə pulsuz təqdim olunan televiziya verilişlərı hər birinizin istəklərini nəzərə almaq məcburiyyətində deyil. ATV-nin xüsusi kanal paketi var. Hər ay pul ödəməklə 127 kanaldan yararlana bilərsiniz. Kino istəyən bütün gün kinoya, keyfiyyətli musiqi həvəskarları klassik musiqiyə, cizgi filmi istəyənlər cizgi filminə baxsın. Yaxşı, bəs biz ən yaxşısını əldə etməyə çalışdığımız halda, aşağı İQ- lü insanlar hardan üzə çıxır? Bu insanlar hər şeyin ucuzuna can atıb, keyfiyyətli üçün pul ödəmək istəməyənlərdir. Bu onların öz seçimidir. Doğrudur, nəticə ürəkaçan olmur, amma kapitalizmin öz qanunları var. Bu qanunlar sərt, eyni anda çox vicdanlıdır.

Tutaq ki, tələbəsiniz, rəfiqənizlə kinoya gəlmisiniz. Cəmi 15 manat pulunuz var. Afişalara baxırsınız. Birinci afişada kanallardan sizə artıq tanış olan simaları görürsünüz. Digəri isə heç tanımadığınız türk aktyorları göçkan-boçkan və dəniz-mənizin filmidir. Təbii ki, siz az-çox tanıdığınız aktyorların filmini seçəcəksiniz ki, bilet pulunuz batmasın. Baxın, bütün sistem də bunun üzərində qurulub. Bilirsiniz, bizdə niyə ciddi filmlərə tələbat yoxdur? Çünki insanlar hər şeyin bəsitinə, yüngülünə qaçırlar. Böyük əksəriyyət dərin düşünmək istəmir. Komediyalara baxıb, gününü keçirir.

- Bu sırf bizə aiddir.

- Təbii ki... Mən ancaq bizim publikadan danışıram. Bir aktual məsələ də var. Baxın, bu gün internet vasitəsilə milyonlarla baxış əldə edən insanlara televiziyanın ehtiyacı var. O insan nə qədər qəribə də, intellektsiz də olsa, artıq kanal rəhbərliyinin maraq dairəsindədir. Reytinq xatirinə həmin internet ulduzu ilə layihə edib, tamaşaçının diqqətini cəlb etməlidir.

- Musiqimizin bugünkü taleyi haqda nə deyə bilərsiniz?

- İndi belə bir ifadə işlədirlər: “bayağı mahnı”. Mahnı ya mahnıdır, ya da yox. Təsəvvür edin ki, gəlmisiniz toya, deyirsiniz ki, Qara Qarayevdən bir musiqi qoy, oynayacam (Gülürük). Siz çimərliyə ziyafət geyimində gedə bilərsiniz?! Mahnıdı daa... Sümüyünə düşürsə, qulaq asırsan, oynayırsan. Mahnını bəyənmirsinizsə, gedin daha yaxşısını yazın. Özünüz nə etmisiniz ki, edənləri günahlandırırsınız? Televiziya böyük kütlə üçündür. Siz avtobusa minəndə bilmirsiniz axı yanınızda oturan təqaüdçü olacaq, yoxsa yanğınsöndürən. Amma Konservatoriyanın qapısından içəri girəndə, təqribi anlayırsınız ki, burada yalnız musiqiçilərdir. Bu yaxınlarda Ukrayna ilə birgə “Böyük səhnə” adlı layihə reallaşdırdıq. Gənc ifaçılarımızla Ukraynaya getdik. Hər bir müğənni üçün keyfiyyətli mahnı yazıldı, klip çəkildi. Kifayət qədər də böyük sərmayə qoyuldu. Layihəni efirə verəndə reytinqlər çox aşağı gəldi. Bu isə kommersiya kanalı olaraq bizə sərf etmədi.

- Axı bu da lazımdır.

- Özəl kanallar bu itki ilə barışmaq məcburiyyətində deyil. Bir səhv ikinci dəfə təkrarlanmır.

- Bu gün kanalınız ən çox reytinqi nədən qazanır?

- Seriallardan.

- Bu haqda danışaq...

- Nə danışaq, milli seriallarımızdır daa. Məişət hadisələri, həyat hekayələri, kim kimdən hamilə qaldı, kim ərindən boşandı və s. Bu məhsul heç də ucuz başa gəmir, amma reytinqi də yüksək olur.

- Elə serialdan danışdıq. Özünüz də Rusiyanın yüksək reytinqli “Olqa” serialında rol aldınız.

- Layihənin yaradıcıları keçmiş KVN-çilər idilər. Məni də dəvət edilər. Razılaşdım. Artıq 3-cü mövsümü gedir. Kifayət qədər baxımlı serialdır.

- Rusiyanın birinci kanalından yayımlanan KVN-ə baxırsınız?

- Baxıram.

- Gənc KVN-çilər haqda nə düşünürsünüz?

- Onların işi xeyli yüngülləşib. Zarafat etmək üçün düşünmürlər. Bizim vaxtımızda hər şey fərqli idi. Ağzımızdan çıxan hər sözün öncə mənasını düşünürdük. İndi hər şey bəsitləşib. Obrazlar, düşündürücü musiqilər yoxdur.

- Zənnimcə, bizim komandamızın çıxışları uğursuzdur. Çoxu Azərbaycan koloritini göstərməkdən çəkinən qlamur gənclərdir.

- Bilirsiniz, bir ölkədə zarafat etmək üçün, o xalqın yumor hissinə bələd olmalısan. Nəyə gülüb, nəyə reaksiyasız qalacağını bilməlisən. Bir çox problem də bundan doğur.

- Sizcə, danışdığımız problemlər nə vaxt həll olunacaq?

- Bir tanışım deyir ki, əvvəllər səsi olan oxuyurdu, indi isə ağzı olan. Nə vaxt ki, həkim memara evi necə tikmək məsləhəti verməyəcək, taksi sürücüsü siyasi şərhlər verib, Amerika hakimiyyətində səhvlər axtarmayacaq, o zaman hər şey qaydasına düşəcək. Bizdə insanlar hər bir sahəni bilməyə can atırlar. Yaxşı olar ki, öz peşəmizi bilək, onu inkişaf etdirməyə can ataq. Onda hər şey qaydasına düşəcək.

- Buna inanmaq üçün optimist olmaq lazımdır.

- İnsanlar 3 tipə bölünür. Pessimist stəkanı yarısınadək boş görür, optimist isə dolu. Super optimist üçünsə stəkandakı vodkadır.

- Siz özünüzü hansı tipə aid edirsiniz?

- Mənim üçün stəkandakı konyakdır. Hər şey lap yaxşı olacaq.

- Sonda sizə bir sual vermək istəyirəm...

- Bu həyata ikinci dəfə gəlsəydim, nəçi olardım?

- Xeyr. Mən elə suallar vermirəm. Ötən il Rusiyanın birinci kanalında “Trotski” serialı efirə getdi. Serialda gənc Stalini azərbaycanəsilli aktyor Orxan Abulov oynadı. Məncə, Stalinin yaşlı vaxtı üçün siz ideal seçimsiniz. Hələ təklif almamısınız?

- Yox, hələ ki, təklif almamışam. Bu yaxınlarda qızımla “Stalinin ölümü” filminə getdik. Çox gözəl film idi. Qızım kinoteatrdan çıxanda dedi ki, sən o aktyordan daha yaxşı oynayardın. Həmişə deyirəm ki, mən Stalinə oxşamıram, o mənə bənzəyir. Təbii ki, gözəl layihədən təklif gəlsə, məmnuniyyətlə razılıq verəcəm.

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."

Vado Korovindən ATV ilə bağlı önəmli açıqlamalar: "Zaur Baxşəliyev ona görə xalatda efirə çıxdı ki..."
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort