Manana: “Azərbaycanlıya getsəydim, xoşbəxt olardım bəlkə də” - MÜSAHİBƏ

Manana:  “Azərbaycanlıya getsəydim, xoşbəxt olardım bəlkə də” - MÜSAHİBƏ


Gecce.az əməkdar artist Manana Çaparidzenin lent.az-a müsahibəsini təqdim edir.

- Manana xanım, hamilə olmağınız, övladlarınızın nə vaxt dünyaya gəlməsi heç bəlli olmadı. Sizi hər zaman necə görmüşüksə, elə də qalmısınız. Bunun öhdəsindən necə gəlirdiniz?

- Uşaqlar dünyaya gəlməzdən əvvəl də, sonra da heç vaxt yaradıcılığımda fasilə verməmişəm, səhnədən getməmişəm. Mahnılar yazdırmışam, kliplər çəkdirmişəm, film çəkilişləri də olub. Hamiləlik zamanı səhnəyə çıxırdım, amma repertuarımı seçirdim, çalışırdm ki, rəqs etməyim. Həm də elə geyinirdim ki, qarnım bilinmirdi. Səhnəyə zövqlə, mədəniyyətlə çıxanda hər şey normal görünür və məncə, hər iki övladımda bunu bacara bildim. Qızım Elizabetə hamilə olanda 9 ay səhnədə olmuşam, oğlum Daviddə isə 7 ay. Çünki oğlum avqust ayında doğuldu, həmin vaxtlar Gürcüstana dincəlməyə getdik. Yalnız buna görə səhnədə deyildim. Qızıma hamilə olanda “Qəlbimin arzusu” mahnısına klip çəkdirdim. Klipdə qarnım bir balaca bəllidir. “Gözlərin danışsın” mahnısına klip çəkdirəndə isə oğlum Davidə 5 aylıq hamilə idim.

- Qeyd etdiniz ki, hər zaman aktiv yaradıcı fəaliyyətdə olmusunuz. Bəs uşaqlara baxmaqda sizə kim kömək edir?

- İmkan daxilində onlara çox vaxt ayırıram. Bəli, mən sənətimlə yaşayıram. Amma uşaqlar böyüyənədək və sonra da elə məsuliyyətli məqamlar var ki, onları məhz ana etməlidir, həyat yoldaşı da dəstək olmalıdır. Həyat yoldaşım da hər zaman mənə dəstəkdir. Fiziki tərəfdən nə bacarırsa, eyni zamanda əsl kişi ailədə necə olmalıdır hər şeyi o cür də edir. Mən də bir ana və xanım evdə necə olmalıdırsa, o cür olmağa çalışıram. Uşaqları ən yaxşı formada böyütmək üçün hansı kitab lazımdırsa oxuyuram, hansı mahnı lazımdır ifa edirəm. Uşaqların paltarlarını necə dəyişdirməliyəm, gecələr təmiz yatmaqlarından tutmuş necə yuxuya getmələrinədək, təmizlik, estetik baxımından isə saç daramaqlarından tutmuş, dırnaqlarının tutulmasınadək hər şeyi oxuyub-öyrənib, o cür edirəm. Uşaqlara qarşı hər mənada çox diqqətliyəm. Mənim üçün bu, çox vacibdir. Evdə mətbəxə anam nəzarət edir, bu işdə bizə kömək edən bir xanım da var. Uşaqlarla isə başqa bir xanım məşğul olur. Hər ikisi bizimlə yaşayır. Lakin heç vaxt onlara göstəriş vermirəm ki, mən gələnədək filan şeyi belə edin. Çünki onlar illərdir bizdə yaşayırlar, zövqümü, tələblərimi bilirlər. Biz bir-birimizi sözsüz başa düşürük. Onlar mənim övladlarıma dayə kimi yox, öz bacılarının uşaqları kimi baxırlar. Anam onlara nəvələrinin nəyi bəyənib-bəyənmədiyini, hansı vitaminlərdən nə qədər, hansı yağdan istifadə etməyi məsləhət görür. Qızım məktəbə gedir, dərsləri ilə əsasən mən məşğul oluram, Azərbaycan, rus, ingilis dilini öyrədirəm, amma sonra nənəsi və dayəsi kömək edir. Çünki uşaq hər şeyi valideynlərindən başqa cür qəbul edir, başa düşür. Mən də, həyat yoldaşım da istəyirik ki, övladlarımız ən azı bizə oxşasınlar və hətta bizdən yaxşı olsunlar.

- Bəzi xanımlar geniş ailəni sevir, bəziləri isə məsələn, bir oğlan və qız övladı ilə kifayətlənirlər.

- Heç kim inanmırdı ki, qızımdan sonra bir daha uşağım olar. Qızımla oğlum arasında 5 il yarım fasilə oldu. Qızın 7 yaşı var, oğlan 1 yaş 3 aylıqdır. Əslində çox uşaq sevən qadınları xoşlayıram. Qızıma, oğluma baxanda deyirəm ki, niyə də üçüncü olmasın? Çünki uşaqlar çox şirindir. Amma hələ ki, bu cür çox xoşbəxt ailəyik. Uşağı dünyaya gətirməklə məsələ bitmir, əksinə, hər şey bununla başlayır. Əsas uşaqları yaxşı böyütməkdir. Əlbəttə, istərdik üçüncü övladımız da olsun. Amma həm də düşünürük ki, biz övladlarımıza nə verə bilirik və nə verə biləcəyik? Söhbət ev, maşından getmir. Bunlar gəldi-gedər şeylərdir. Pul bu gün olar, sabah yox. Uşaqları elə böyütmək lazımdır ki, öz sözlərini deyə bilsinlər. Qızım məni televizorda görəndə “mənim gözəl Manana Çaparidzem efirə çıxıb”, - deyir. O başa düşür ki, anası müğənnidir, insanlar onu tanıyır. Hiss edirəm ki, hətta bununla fəxr edir. Çəkilişə gedəndə evdə deyirəm, o da “mama, mən bilirəm ki, sən qalib gələcəksən”, - deyir. Qızım elə bilir ki, mən hər dəfə evdən çıxanda müsabiqəyə gedirəm və Qran-Pri ilə qayıdacam (gülür). Evə qayıdanda soruşur ki, “mama, səni alqışlayırdılar, demək ən çox səni bəyəniblər, eləmi?” Sonra oturub onu başa salıram ki, bütün müğənnilər oxuyanda tamaşaçılar alqışlayır. Məni də sevən tamaşaçı var, başqa müğənnini də. Qızımla maraqlandığı bütün mövzularda danışıram.

- 17 ildir Bakıdasınız. Əlbəttə ki, pərəstişkarlarınız çoxdur. Sizə sənətçi yox, məhz bir xanım kimi sevgisini etiraf edənlər də olub?

- Noyabrın 21-də Bakıya gəlməyimdən 17 il ötdü. Yadımdadır, ilk dəfə AZTV-nin efirinə çıxmışdım. Düzdür, insanlar hər zaman sənətimi sevdiklərini, bəyəndiklərini deyiblər. Amma siz inanın ki, bu illər ərzində mənə məhəbbət etiraf edən olmayıb. Bunun səbəbini heç mən özüm də bilmirəm. Yəqin ona görə ki, fikrim ancaq sənətdə olub. Ailə qurmaq istəsəydim, buna Gürcüstanda da imkan var idi. Amma mənim ərə getmək niyyətim olmayıb. Sənətə Gürcüstanda başlamışam, mənə “yeni parlayan ulduz” deyirdilər. Uşaq vaxtlarımdan oxuyurdum, dövlət tədbirlərində, böyük ansambllarda çıxış edirdim, müsabiqələrdə Gürcüstanı təmsil edirdim. 17 yaşım olanda Azərbaycana müğənni kimi qastrol səfərinə gəlmişdim. Məni heç kim tanımırdı. Azərbaycanı Almatıda keçirilən “Asiyanın səsi” müsabiqəsində təmsil etdikdən sonra burda tanınmağa başladım. Müsabiqəyə gedəndə dedim ki, uğur qazanmasam, Azərbaycana qayıtmayacam, birbaşa Gürcüstana dönəcəm. Amma ən yüksək – “Qran-Pri” mükafatına layiq görüldüm. Özü də qızdırmalı idim, anam dərman verdi, səhnəyə çıxdım. Sonra Kiyevdə keçirilən “Slavyan bazarı” müsabiqəsində daha bir “Qran-Pri” qazandım. Məni təqdim edəndə “Azərbaycan-Manana” deyirdilər. Elə bu sözlər həyatımı dəyişdi. Həm də artıq daha çox məsuliyyət hiss etməyə başladım. Azərbaycanı təmsil etdim və qalib gəldimsə, artıq gecə-gündüz işləməliydim. Qarşısına belə bir məqsəd qoyan adam üçün hansı məhəbbətdən söhbət gedə bilərdi? Anam da kiminsə yaxınlaşmağına imkan vermirdi. Mənə gül vermək istəyəndə belə, anamdan icazə alırdılar. Hamı ilk gündən gördü ki, Manana evdən gəlir səhnəyə çıxır, sonra yenə evə gedir. Gözəllik salonuna da getmirdim, evdə hazırlaşırdım...

- Gözəl və istedadlı qadına biganə qalmaq çox zaman mümkün olmur amma...

- İlk növbədə kişilərə səbəb vermirdim. Məsələn, heç vaxt demirdim “kişilərlə şəkil çəkdirmirəm”. Şəkil çəkdirmək istəyən kişilərə isə belə müraciət edirdim: “gəl, dostum, gəl, qardaş”. Bu sözümlə artıq mən sərhəd qoyurdum. Həm də hər zaman anam yanımda olurdu. Şəkil çəkdirmək istəyən, ancaq utananlara da özüm təklif edirdim ki, gəlin şəkil çəkdirək. Ağsaqqallar zarafat edirdi ki, evdə həyat yoldaşı bu şəklə baxıb qısqanacaq. Biz də hamımız gülürdük. Əgər mən naz etsəydim, bunu hiss edərdilər və sonra başlayardılar münasibət qurmağa. Bəyan etmirdim ki, baxın, mən kişilərlə aramda sərhəd qoyuram.

Hər zaman belə olmuşam. Məhəbbət etirafını eşitmək mənim üçün maraqlı deyildi. Həyatıma həqiqi və ilk məhəbbət atam rəhmətə gedəndə, anamla mən tək qalanda gəldi. Həyat bizim üçün çox mənasız olmuşdu. Gecələr tək qalanda atamın şəklinə baxıb ondan soruşurdum ki, indi mən nə edim? Məndən 9 yaş böyük qardaşım var idi. O da 18 yaşında əsgərliyə getdi və qayıtmadı, dünyasını dəyişdi. Ailə başsız, ata yox, qardaş yox. İki ciddi xanım üçün hər gün dəyişən dünyada, ağır zəmanədə təmiz vicdanla qalmaq, alnı açıq söz demək çox çətin idi. Anamla bütün günü düşünürdük ki, bizim həyatımız necə olacaq? Atam rəhmətə gedəndən bir il sonra 10 günlük Gürcüstana getdik. Anamı hər gün dənizə aparırdım ki, artıq ağlamasın, yasdan çıxaq. Bütün günü üzümü Qara dənizə tutub ürəyimdəkiləri onunla danışırdım: “Deyirlər ki, dəniz qədər sonsuz məhəbbət var. Mən heç vaxt buna hazır olmamışam. Əgər dəniz qədər sonsuz məhəbbət varsa, mənə bir işarə ver, mən artıq sevməyə və sevilməyə hazıram, tək qalmaqdan qorxuram”. Bakıya gəlməyimizə bir gün qalmış Allah o məhəbbəti mənə göndərdi. Dənizə çiynində dəsmal, başında kepka bir oğlan gəldi, biz tanış olduq. Həmin insan indi mənim həyat yoldaşımdır.

- Təsadüfi görüş məhəbbətə necə çevrildi?

- Məni gürcü və Azərbaycan efirlərindən bir az tanıyırmış. İxtisasca hüquqşünasdır. O da yayda dincəlmək üçün dənizə gəlibmiş, təsadüfən biz tərəfə yaxınlaşıb. Anamdan soruşub ki, əgər o da burada dincəlmək istəsə, bizi narahat etməz ki? Anam deyib əlbəttə yox. Ona elə desə də, baxışları ilə mənə çatdırır ki, “gül kimi oturmuşduq, bu hardan gəldi çıxdı?” (gülür). Mən də dedim eybi yox, qoy dincəlsin, dəniz yalnız bizim deyil ki. Bir də baxdım, artıq anamla söhbət edir, siyasətdən danışırlar. Sonra keçdilər dünya tarixinə (gülür). Öz-özümə deyirəm ki, anamı istirahətə gətirmişəm, bunlar da gör nədən danışırlar. Amma həm də görürəm ki, onunla söhbət anamın xoşuna gəlir. Gördüm söhbətləri çox uzanır, anama dedim gedək, hava çox günəşlidir. Bu vaxt mənə baxıb qəfil soruşdu ki, “siz o qız deyilsiz?” Gürcüstanda “qız” sözü normaldır. Amma mən Bakıda “xanım” sözünə o qədər öyrəşmişdim ki, “qız” sözü acığıma gəldi. Ürəyimdə dedim heç olmasa “siz o xanımsız?” deyə bilərdi. Cavab verdim ki, bəli, mən o qızam. Anamla məni kofe içməyə dəvət etdi. Mən də kofe içə bilmirəm. Dedim dostum, kofe içmirəm, çay olardı. Hər halda çox sağ ol, narahat olmayın bizə görə. Onunla yalnız adi tamaşaçı, pərəstişkar kimi vidalaşdıq. Demə, onun ailəsinin orada dənizə baxan evi var. İndi həmin ev bizim kiçik otelimizdir. Azərbaycandan qonaqlarımız gələndə orada qarşılayırıq. Səhəri biz Bakıya qayıtdıq. 20 gündən sonra yenidən Gürcüstana döndük və o, yenə də bizi tapdı. İndiyədək bizi necə tapdığını soruşuram, amma cavab vermir (gülür). Bizi qarşılamaq və yola salmaq istədiyini dedi. Razı olmadım. Yenə söhbətimiz burada bitdi. Tiflisdə hava limanından Bakıya qayıdanda bir də gördük oradadır. Bizi yola saldı. 3 ay ondan heç bir xəbər çıxmadı. Sonra mənə bir sms gəldi ki, necəsiz? Mən hər zaman fanatlarımın “sms”lərinə cavab yazıram. Ona da yazdım. Mənim və anamın əhvalını çox mədəniyyətlə soruşdu. Mən yaxşı olduğumuzu yazdım və onun əhvalını soruşdum. Amma sən demə, o inanmırmış ki, cavab verən mən özüməm. Bunu mənə sonra dedi. İlk “sms”dən bir ay keçəndən sonra ikinci mesajı yazdı. O vaxt internet, planşet, kompüter belə kütləvi deyildi. “Skype”la danışmaq, internetə girmək üçün internet klublara getmək lazım idi. Sonra ikimiz də kompüter aldıq və hərdən “skype”la danışmağa başladıq.

- Bu münasibət başlayandan sonra ilk görüşünüz nə vaxt oldu?

- Gürcüstanda müqəddəs George günü var. Onun adı da Georgedir. O gün özünə bilet hədiyyə edib və ilk dəfə Azərbaycana, Bakıya gəlib. Dəqiq ünvanımızı bilməsə də, evimizi tapıb. Qapını döyüb, bizdə qalan xanım açıb, salamlaşıblar. Məni soruşub, xanım da kim olduğu ilə maraqlanıb. Yalandan deyib ki, Manananın qardaşıyam (gülür). Anamı çağırıb. Anam onu görəndə şok olub, içəri dəvət edib. Mən də ev paltarındaydım. Gəldi mənə dedi ki, “ay Manana, bu oğlan bizim evə gəlib”. Soruşdum kim? Dedi George. Mən də tez qaçdım otağıma. İndi başlamışam paltar seçməyə, gah səhnə paltarımı geyinirəm, gah deyirəm, yox, bu olmaz, başqasını geyinirəm, gah güzgünün qarşısına keçirəm, gah anamı çağırıram ki, görsün hansı geyim yaxşıdır. Bir də eşitdim George deyir “Manana, elə ev paltarında da gəl. Lazım deyil sənin konsert geyimlərin”. Danışdıq, söhbətləşdik. Sonra valideynlərimiz görüşdülər və belə qərara gəldilər ki, artıq onun da, mənim də ailə qurmaq vaxtıdır, uzatmayaq. Toy günümüzü təyin etdilər və toyumuz oldu. Hər ikimizin valideyni bizi necə var elə də qəbul etdilər.

- Sizə necə evlənmək təklif etdi?

- “Sevirəm” sözünü həmin müqəddəs gündə dedi. Bizim münasibətlərdə super romantika olmayıb. Amma hər günümüz gözəl və fərqli keçib. İndiyədək bir-birimizlə ilk günlər olduğu kimi danışırıq. Elə iki insan var ki, bir-birini sevir, amma hərəsi başqa cür düşünür, hərəsinin öz baxış bucağı var, fikirləri fərqlidir. Lakin biz ikimiz də eyni fikirləşirik, hər şeyə eyni cür baxırıq. Bizim ailədə “mən dedimsə, mütləq bunu etməliyik” yoxdur. Biz həyatımızı bir-birimizdən ayrı təsəvvür etmirik. Həm də bir-birimizə hörmətlə yanaşırıq. Bizdə məhəbbətdən çox bir-birimizə hörmət var. O, yalnız uşaqlarımın atası deyil, həm də sevgilimdir. Bizim də çətin vaxtlarımız olub. Bir-birimizi sevirdik, amma nə vaxt ailə quracağımızı, valideynlərimizin bizi qəbul edib-etməyəcəyini, ailə qurmağımıza icazə verib-verməyəcəklərini bilmirdik. Təbii ki, onun valideynləri oğlanlarının kimi istədiyini, ailəsi ilə maraqlanmalıydı. Üstəlik, mən sənətdə olan bir qız idim. Onlar maraqlana bilərdilər ki, mən bu sənətə necə gəlmişəm. Bizim ailə qurub-qurmayacağımız çox şeydən asılı idi. Biz asanlıqla ailə qurmadıq, ona görə də indi ailəmizi hörmətlə, diqqətlə qoruyuruq.

- Nə zaman anladınız ki, bu insan sizin həyat yoldaşınız ola bilər?

- Bakıda idim, 6 aydan sonra o, mənə növbəti “sms”ini yazmışdı. O “sms”i çox bəyəndim. Hər zamankı “necəsən”, “yaxşıyam”, “çox sağ ol” tipli danışıq deyildi. O “sms”i oxudum və öz-özümə dedim ki, bəlkə bu elə mən istədiyim insandır?! Anamla bu barədə danışdım. Anam da həmişə diqqətli, səbrli olmağı, emosiyalara qapılmamağı məsləhət görürdü. Georgenin davranışları o qədər səliqəli idi ki... Hər şeyi zamanında və dəqiqliklə edirdi. Mən artıq onun üçün darıxırdım, o da mənim üçün. İnsanlar bir-birini nə qədər tanısalar, sevsələr də, sonradan dəyişə bilərlər. Amma bu insan getdikcə daha gözəl tərəflərini göstərməyə başladı. Daha mədəniyyətli, daha çalışqan olduğunu gördük.

- Bəs George sizin ona yaxşı həyat yoldaşı olacağınızı nə zaman anlayıb?

- O, məni müğənni kimi tanıyıb. Sonra hərəkət və davranışlarımı müşahidə edib, özümü necə aparmağıma fikir verib. Məni hərtərəfli araşdırıb, öyrənib. Məsələn, Bakıya gələndə taksiyə oturub, sürücü ilə söhbət etməyə başlayıb. Ölkədən, dolanışıqdan danışıblar. Yavaş-yavaş söhbəti gətirib şou-biznesə. Sürücü Georgenin ləhcəsindən başa düşüb ki, gürcüdür. Deyib “bizdə bir gürcü qızı var, adı Mananadır. Amma o, bizimdir”. İlk gündən George fəxr edib ki, azərbaycanlılar məni öz qızları kimi qəbul ediblər. Görüb ki, tanınmış müğənni olsam da, heç zaman utandırıcı hərəkət etməmişəm, haqqımda dedi-qodular yayılmır. Bakıya gəldiyi gündən mənim haqqımda ancaq yaxşı şeylər eşidib. Mən onların sözlərinin qarşısında baş əyirəm. Əslində Georgenin necə fikirləşəcəyi onlardan da asılı idi. George burada mənim haqqımda pis fikirlər eşitsəydi, onun ürəyində xal qalardı. O özü məni nə qədər tanısa da, axı əsas söhbətlər pərdə arxasında olur. Onları isə sadə insanlar danışırlar. Bu da çox əhəmiyyətli rol oynayır.

- Ailə quranda neçə yaşınız var idi?

- 25 yaşında ilə qurdum. Artıq 8 ildir ailəliyik.

- Unutmadığınız romantik məqamları çox olub?

- Bizim hər günümüz romantik keçir. Heç vaxt düşünmürəm ki, mənə ev, maşın alsa sevinərəm. Çünki bunlar çox xırda şeylərdir, heç birində məna yoxdur. Mənim üçün romantik olan onun sözləridir, dəstəyidir. Biz bir-birimiz sözsüz, danışmadan anlayırıq. Sakit duranda da mən onun nə düşündüyünü, o da mənim. Bizim ruhumuz, emosiyalarımız eynidir. Romantika mənim üçün həyat yoldaşım və övladlarımın canının sağ olmasıdır. Evdə sobanın kənarında oturub çay içirik, söhbət edirik. Ailəmizdən, həyatdan, dünyada baş verənlərdən danışırıq. Uşaqlarımız, onların qayğıları, gün ərzində nə etdiklərini bir-birimizlə bölüşürük. Uşaqları aparıb yatırdıram, dua edirəm və qayıdıram, onların hərəkətlərini yada salıb gülürük. Çalışırıq hər gün elə yaşayaq ki, səhərisi daha maraqlı, daha gözəl olsun.

- Əgər Azərbaycanda sizə evlənmək təklif edən olsaydı, razı olardınız?

- Mənə deyirdilər ki, həyat yoldaşım azərbaycanlı olsaydı, məni burda daha çox sevərdilər, daha yuxarı başa keçirərdilər. Hamı deyəcəkdi ki, Mananaya halal olsun, azərbaycanlıya ərə getdi. Əlbəttə, həyat yoldaşım azərbaycanlı da ola bilərdi. Amma demək qismət deyilmiş. Mən heç vaxt “kaş ki”, “bəlkə”lərlə danışmıram. Allah qismətimə nə yazıbsa, onu öz hədiyyəm bilib barışıram. Azərbaycanlıya getsəydim, xoşbəxt olardım bəlkə də. Amma indi xoşbəxtəm deyə bu barədə danışmaq maraqlı deyil. O vaxt işlərimlə bağlı tez-tez Londona gedirdim, deyirdilər ki, guya mən Azərbaycanı tərk edirəm. Mənə əvvəldən demişdilər ki, əgər Londonda populyar olmaq istəyirəmsə, orada yaşamalı və orada ailə qurmalıyam. Mən də dedim bağışlayın, amma xarici ölkədə yaşaya bilmərəm. Heç vaxt Azərbaycanı xaric ölkə bilməmişəm. Çünki xalqlarımız bir-birinə oxşayır. Hisslərimiz, emosiyalarımız, bəzi adətlərimiz çox yaxındır. Azərbaycana gəldiyim ilk vaxtlarda dil baxımından çətinlik çəkirdim, heç kimi tanımırdım. Hər şeyə çətinliklə nail olmuşam. Elə olub ki, günlərlə ağlamışam, gecələr yatmamışam.
Komfortlu yaşmaqdan da çox uzaq idim. Sadəcə normal yaşamaq üçün imkan var idi, amma çox ağır vaxtlar idi. Kim fikirləşir ki, mən bu sənətə, bu yerə asan yolla gəlmişəm, səhv edir. Heç kim bilmir hansı çətinliklərlə bu günə gəlib çıxmışam. Ayağımı hər zaman yorğanıma görə uzadıram. Ailəmiz pis yaşamayıb, anam həkim, atam mühəndis olub. Hər zaman az-çox imkanımız olub. Amma məsələn, bilirdim ki, soyuducuda olan ən dadlı, ən gözəl yemək qonaq üçündür. Bunlar Azərbaycanda da olduğu burada yaşaya bildim. Azərbaycan xalqı mənimdir. Mənim qızım burada anadan olub, o, bakılıdır, pasportu Azərbaycan pasportudur. Oğlum Gürcüstanda olduğumuz zaman orada anadan olduğu üçün hələ ki, Gürcüstan vətəndaşıdır. Amma biz fikirləşirik ki, mütləq ona da Azərbaycan pasportu alaq. 17 il həyatımın yarısıdır. Həyatımın bu yarısında nə qədər ağır günlərim olub. Mənə də məhz o ağır günlər güc verib. Ağlamasaydım, həyatım maraqsız olardı. Azərbaycanda qazandıqlarımı çətinliklə əldə etmişəm deyə qədrini bilirəm. Düzdür, gələcək haqqında danışmaq istəmirəm, amma George ilə düşünürük ki, özümüzün də, övladlarımızın da gələcəyi Azərbaycanda olacaq. Anam isə Azərbaycanı bizdən də çox sevir. Yayda Gürcüstana gedəndə gediş-gəliş biletini əvvəlcədən alır. Ora çatan kimi soruşur ki, nə zaman qayıdırıq?

- Maraqlıdır, Azərbaycan kişilərində ən çox hansı xüsusiyyətləri bəyənirsiniz?

- Gəldiyim ilk gündən bunu deyirəm. Gürcüstanda istər xanımlar, istər kişilər mehribançılıqlarını göstərmək üçün bir-birini qucaqlayırlar, üzlərindən öpürlər. Bu, orada normaldır. Amma mən heç vaxt bunu bəyənmirdim. Çünki ailəm məni başqa cür böyütmüşdü. Azərbaycana gələndə isə ilk bəyəndiyim o oldu ki, kişilər qadına yaxınlaşanda sərhəd və məsafə saxlayırlar. Yaxınlaşmazdan əvvəl fikirləşirlər. Tanış olanda xanımın əlindən öpür, baş əyirlər. O vaxt mən utandığımdan heç kəsə əlimi vermirdim ki, öpəcək. Onların bu nəzakəti qarşısında utanırdım. Amma ürəyimin dərinliyində əl öpmək jestini çox bəyənirdim. Demək ki, Azərbaycan kişiləri xanımlara başqa cür baxır, dəyərini, qiymətini bilirlər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti