“Zaur reytinq üçün hər şeyə gedər” - Video

“Zaur reytinq üçün hər şeyə gedər” - Video


Müğənni İradə İbrahimovanın “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycana gəlmə səbəbiniz nədir? Ailə üzvlərinizlə görüşmək, ya işgüzar səfər?

- Ailəmi görmək üçün gəlsəydim yəqin ki, sizinlə görüşməzdim. Demək ki, işgüzar bir səfərdir. Mahnılarımız var, ifa üçün studiyalarda oldum. Yeni fotosessiyamı təqdim etdim. Bu bir həftənin içində demək olar ki, çox şeyi sığışdıra bildik. Allah qismət edərsə, yenidən qayıdacağam. Bu zaman mahnılarımı radiolara təqdim edəcəyəm, efirlərə qonaq çıxacağam. Klipim olarsa, onu da təqdim edəcəyəm.

- Siz Bakıda daimi olaraq yaşamırsız. Burada toylarda da iştirak etmirsiz, qazanc yeriniz yoxdur. Niyə bu qədər maliyyə alıb mahnılar yazdırırsız? Gündəmdən düşməmək üçün?

- Pul qazanmaq, səhnəni-oxumağı sevmək də var. Təkrar gəlib iş görmək o demək deyil ki, İradə gündəmdə olacaq. Qətiyyən, elə bir şey edə də bilmərəm. Çünki ailəm İstanbulda yaşayır. Mən mahnı oxumaq istəyirəm. İstədiyim işi görmək istəyirəm. Mənim üçün şərait yaradılır. Ailəmdə qadağa, söz-söhbətlə rastlaşmamışam. Tam əksinə, işlərimdə dəstəkləyirlər.

Kim deyər ki, cibimdəki pul çoxdur, bir azını kənara atım? Zəhmətin varsa, bəhrəsini də görməlisən.

- Artıq 8 ildir ki, Türkiyədə yaşayırsız. İnsan kənardan daha yaxşı analiz edə bilir. Elə bil ki, son dövrlər şou-biznesdə hit mahnı problemi var. Bir çox hit bəstələrin ifaçısı kimi necə düşünürsüz? Orada bura necə görünür?

- Bunun səbəbini araşdırmamışam. Amma mən belə düşünmürəm. Müğənnilər çalışırlar, mahnılar üzərində işləyirlər. Demirəm ki, hər çıxartdıqları mahnı hitdir. Sizə bir söz deyim ki, bəlkə də, yeni nəsil bu gün gündəmdə olan mahnılar üçün deyəcək ki, hitə çevrilib. Bəlkə sizi qane etmir, yetərsizdir.

Mən “Bahar çiçəyi”ni oxuyanda bizdən əvvəlki nəsil şikayət edirdi ki, bugünkü estrada musiqisi hara gedir?.. Belə tənqidlər eşidirdik. Bu, hər zaman olub və olacaq.

- Neçə ildir ki, Türkiyədə yaşayırsız, ancaq ləhcənizdə heç bir dəyişiklik olmayıb. Səlis və sərbəst Azərbaycan dilində danışa bilirsiz.

- Dili unutmamaq üçün daim mütaliə etmək lazımdır. Dil elə bir şeydir ki, bunun üçün təcrübə lazımdır. İnsanın öz dili olsa belə unutmaq çox asan olur. Düzdür, Türkiyəyə gəlib qayıdandan sonra türkcə danışanlar da olur. İnsanıq, dilimiz dəyişir. Heç kimi qınamaq istəmirəm. Danışığımızda rus dilinə aid kəlmələrdən də istifadə edirik. Bunlar bekarçılıqdan yaranan mövzulardır. 8 ildir ki, orada yaşayıram, ətrafımda bir azərbaycanlı belə yoxdur. Yalnız telefonda yarım saatlıq bacım, anamla danışıram. Hər kəsin işi-gücü var. Azərbaycan dilində kəlmələri çox az eşidirəm. Dediyim kimi, mahnılara, laylalara qulaq asıram, mahnılarımızı oxuyuram, kitab mütaliə edirəm.

- Nə vaxtsa, Azərbaycana qayıtmaq kimi bir fikriniz olacaq? Siz bir dəfə açıqlama vermişdiz ki, Türkiyədə yaşaya bilmirəm. Qiyam, terror və zəlzələni səbəb kimi göstərmişdiz.

- Böyük məmnuniyyətlə Azərbaycana köçərdim. Ancaq bizim orada bir həyatımız, yaşayışımız var. Uşaqların məktəbi, iş, çevrəmiz var. İş qurmaq asan bir şey deyil. Həyat yoldaşım bunun üçün illərini verib. Olduğu yerə pillə-pillə gəlib. Mənim üçün İstanbuldan qayıtmaq böyük itki olmazdı. Uşaqlarım, onların təhsili və həyat yoldaşım üçün dəyişiklik olar. Həyatdır, sabahı bilmək olmaz. Qismət…

- Özünüz də demişdiz ki, Türkiyə şou-biznesinə qatılmaq çətindir. Türk şou arenasına niyə adaptasiya ola bilmirsiz?

- Əslində çətin deyil. Orada dəhşət mahnılar oxumurlar. Musiqi qıtlığı var. Türkiyədə disk çıxarmaq istədim. Mahnı axtara-axtara qaldıq. Axırda Şəhrazadın ştamp vurduğu mahnılarından birini alıb ifa etdim. Oranın şou-biznesini göyün bir qatına qaldırmayaq. Bundan başqa, yerli şou-bizneslə oranı müqayisə etməyək, yerlə göy arasında fərq var. Birincisi, əhalinin sayına baxmaq lazımdır və orada yaranan bir sistem var. Burada müğənni toydan, orada konsertdən qazanır. Toy onların əlavə gəlir yeridir. Kefi istəyəndə toyda oxumaq istəyir. Bizdə isə məcburdur. Toy bazarına düşmək üçün əlimizdən gələni edirik. 9 il bundan əvvəl toyda oxumaq qürurlu bir şey deyildi. Heç kəs sinəsinə döyüb toy müğənnisi olduğunu demirdi. Əksinə utanırdı. Görün həyat necə gətirdi. Kimin nə qədər toyu varsa instaqramda şəkillərini paylaşır, tələbatlı olduğunu göstərir. Çox maraqlı bir şeydir.

Oranın şou-biznesinə adaptasiya olmaq çox çətindir. Onlar sənin dediklərini anlamırlar. Heç istədiklərimi Türkiyə türkcəsində onlara başa sala bilmirəm. Çox çətindir.

- Bəs yaşamağa necə? İstanbula adaptasiya olmusuz?

- O da çətindir. Elə bilirsiz asandır? Mənim bir toxumum var, burada basdırılıb, cücərib və böyüyüb. 29-30 yaşımda İstanbula getmişəm. Ömrümün yarısını Bakıda yaşamışam. Asan deyil. Bəlkə də gənc ailə qurub köçdüyüm üçün ayaqlaşa bilirəm. Ümumi baxanda uşağı tərbiyə etmək, rəfiqəmlə ünsiyyət qurmaq çətindir.

Bir söz deyə bilərsən, həmin sözü istədikləri tərəfə saqqız kimi çəkə bilərlər. Əslində mənim dediyim sözün altında pis məna yoxdur. Amma onlar o tərəflərə çəkə bilərlər. Sizə bir şey danışım. Yeni bir hadisə baş verib. Məktəbdə İpəyin sinif yoldaşının valideyni gəldi. Söhbət edirdik, başımızı qaldırıb salamlaşdıq. Dedi harda otura bilərik, cavab verdim ki, istədiyin yerdə əyləşə bilərsən, otur! Hamı çevrilib üzümə baxdı. Söylədilər ki, niyə o tərzdə dedin? Belə şeylərlə çox rastlaşmışam. Hələ bu harasıdır?

- Türkiyə şou dünyasına qatılmaq istəyən yerli məşhurlarımız çox oldu. Röya Ayxan, Brilliant Dadaşova və başqaları. Ən çox Röyanın üzərində dayanırıq. Çünki qonşu ölkədə tanınmaq üçün ən çox maliyyə yatıran sənətçidir. Siz onun Türkiyədəki fəaliyyətini necə dəyərləndirirsiz?

- Mən də orada cəhd göstərdim, alınmadı. Röya da orada çalışdı, tanınır da. Sadəcə olaraq Röya oranın gündəmi deyil. Olmaq da mümkün deyil. Daimi olaraq pul xərcləməlisən. Onların özləri də pul qazanmağın yollarını axtarırlar. Qız elədiyini elədi, başqa nə etsin? Bacardığının ən yüksəyini etdi.

- Azərbaycanda yaradıcılıq baxımından çox aktiv idiz. Ard-arda yeni hitlər, kliplər təqdim edirdiz. Ancaq bunların hamısını ataraq ailəni seçdiz və qonşu ölkəyə köçdüz. Bu cür insanların həyatını dəyişərək sakit bir həyata keçməsi yəqin ki, çox çətindir.

- Çətinlik oldu. Amma insan öz həyatını rəngləndirməlidir, çiçəkləndirməlidir. Məni heç kəs ailə qurmağa məcbur etmədi. Yoldaşımın da “evdar qadın olmalısan” deyə bir istəyi olmadı. Hər şeyi özüm istədim. Gördüm ki, belə də çox xoşbəxtəm. Ailə də gözəldir. Ailə tərəzi də daha çox ağırlıq təşkil etdi. İsti evim, övladlarımın olmağı daha çəkici gəldi. Həyat məni burdan aldı, oralara apardı. Allaha şükürlər olsun ki, peşman deyiləm. Deyirlər ki, yuxarılarda idin, ora getdin, aşağı düşdün. Yox, mən daha da yüksəldim. Mənim həyata baxışımla belə oldum. Bəlkə də gündəmi, məşhurluğu itirdim. Amma o qədər gözəl şeylər qazandım ki,.. Onun həsrətində olanlar var.

- Bir vaxtlar Rəhim Rəhimli də Türkiyəyə köçmüşdü, orada yaşayırdı. Qayıdanda açıqlama vermişdi ki, müğənni xaricdə depressiyaya düşür, küçədə heç kəs onu tanımır və bu, sənətçiyə pis təsir edir. Siz necə düşünürsüz? Belə hisslər yaşamısız?


- Bu, eqodur. Mən Bakıda olan zaman havalarda deyildim. Heç kim deyə bilməz ki, İradə özünü yuxarıdan aparırdı. Həyatımda olmayıb, olsaydı Bakıdan getməzdim. Rəhimin getmə səbəbi fərqli idi. Onu göndərmişdilər, öz istəyi ilə getməmişdi. Ancaq məndə tam əksinə… “Məni niyə tanımırlar?” kimi şeylər ağlımdan keçmədi. Bir də ki, o kişi, mən isə qadınam. Aramızdakı fərq bu da ola bilər. Məncə, o, öz prizmasından yanaşır.

- Başqa bir mövzuda sual vermək istəyirəm. Sizin doğuş zamanı lentə alınan video həm yerli, həm də sosial şəbəkələrdə müzakirə olundu. Bəlkə də sizdən sonra belə videoların çəkilməsi trendə çevrildi. Amma nədənsə sizi sərt tənqid etdilər.

- Bilsəydim bu qədər söz-söhbətə səbəb olacaq, çoxdan mən paylaşardım. Hər şey təsadüfən oldu. Məni çəkən fotoqrafın səhifəsinə Bakıdan biri girib, öz səhifəsində paylaşıb. Bacım saf da videonu görüb öz səhifəsində yayımlayıb. Video çıxanda uşaq altı aylıq idi. Söz-söhbətlər çoxaldı. Bilsəydim ki, belə olacaq, özüm paylaşardım. Ondan sonra toyum filan da çıxmadı. Belə dəhşət pul da qazanmadım.

Normal doğum idi, söhbətin bir oralarına da girək (gülür). Düzdür, söz-söhbət çox oldu. Elə bil ki, ayıb bir şey etmişəm.

- Hətta, bəzi verilişlər sizin videonuzu müzakirəyə çıxardı... Qeyd olundu ki, etikanı nəzərə alaraq videonun yarısı efirə verilib.

- Doğrudan da belə oldu. Kimin verilişi idi? Hə Zaurun... Proqramdan sonra heç kimlə əlaqə saxlamadım, fikrində də deyiləm. Orada utanılacaq heç bir görüntü yox idi. Kaş ki, bütün videonu efirdə yayımlayardı. Yəqin ki, hamınız bunu bilirsiz. Zaur reytinq üçün hər şey edər və hər şeyə gedər. Türklərin bir sözü var- “kapasite”. Zaurda bu kapasite var və aşıbdır. Qətiyyən onun addımına müdaxilə etmədim. Kor-kor, gör-gör. Doğuş videosu idi. Millət namusunu atıb çölə ki, hər şeyini açıq-açıq çəkdirib efirə versin? Hər halda mən illərdir adımı qorumuşam, saxlamışam. Gələcək günlərin birində Zaur mənim görüntülərimdən material kimi istifadə etsin, çıxsın efirdə kəsib doğrasın?! Niyə ki? Bütün video efirə getdi, hamı da gördü. Gündəm üçün olunan şeylərdir. Televiziyanın yazılmayan qanunudur. Oradan pul qazanır, ailəsini dolandırır. Zaur nə etsin?

- Digər məsələ isə Cem Yılmazın filmində mahnınızın səslənməsidir. Siz demişkən, oturduğunuz yerdə tanındız. Amma nədənsə siz bu populyarlıqdan istifadə etmədiz. Səbəb nə idi?

- Doğrudan da, uşağa baxdığım yerdə partlayış oldu. Hər kəs o mahnını oxuyur, paylaşır. Gənc türk sənətçilər də ifa edirdi. Bundan istifadə edib Bakıya gəlməli, “Neyləyəy”i yenidən aranjiman etməli idim. Tənbəllik, ana olmağın verdiyi hisslər buna maneə oldu. Bundan istifadə edə bilmədim. Demək ki, mənə Allah bu qədərini nəsib elədi. Allah istəsəydi, məni heç bir qüvvə bağlamazdı. Bəlkə də bu, mənim bəhanəmdir.

“Zaur reytinq üçün hər şeyə gedər” - Video

“Zaur reytinq üçün hər şeyə gedər” - Video

“Zaur reytinq üçün hər şeyə gedər” - Video

“Zaur reytinq üçün hər şeyə gedər” - Video

“Zaur reytinq üçün hər şeyə gedər” - Video


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti