Yaşar Nurinin xanımı: "O Firəngizi sevməsəydi, inandırıcı oynamazdı, buna görə ailəmi dağıda bilməzdim"

Yaşar Nurinin xanımı: "O Firəngizi sevməsəydi, inandırıcı oynamazdı, buna görə ailəmi dağıda bilməzdim"


O səhnəmizin əvəzsiz aktyoru, ustad sənətkarıdır. Peşəkar oyun tərzi ilə uşaqdan-böyüyə hamının sevgi və rəğbətini qazanmış, dəyərli aktyor xalq artisti Yaşar Nuri! Ölümündən 5 il keçməsinə baxmayaraq sənətkar onu sevənlərin qəlbində həmişə yaşayır. Milli.Az-ın əməkdaşı sənətkarın ölümünün 5-ci ildönümü ərəfəsində aktyorun ömür-gün yoldaşı Rəhimə Nuriyeva ilə söhbətləşib. Onun haqqında keçmişdə danışmaq nə qədər çətin olsa belə...

- Rəhimə xanım, biz Yaşar Nuriyevi bir sənətkar kimi həmişə ekranlarda görmüşük. Gördüyümüz qədərilə həm komik, həm də dramatik rollar yaradıb. Bəs evdə necə bir insan, həyat yoldaşı idi?

- Mən onun nə teatr, nə də kino həyatını təhlil etmək iqtidarında deyiləm, çünki istər teatrşünaslar, istərsə də kinoşünaslar bu haqda çox yazılar yazıb, təhlillər aparıb. O qeyri-adi bir sənətkar idi, hansı ampluada olursa-olsun özünü göstərə bilirdi. Qüdrətli sənətkar evdə çox qəliz bir insan olur. O bizi həm güldürürdü, həm də ağladırdı. Bir sözlə hər şey onun əhval-ruhiyyəsindən asılı idi. Mən hal-hazırda sizinlə danışıram, elə bilirəm ki, onun hansısa bir obrazını təhlil edirəm. Məndə bu dəqiqə elə bir hiss var.

- Kaprizli insan idi?

- Çox kaprizli idi. Yeməkdən başqa hər şeydə kapriz edirdi. Geyimlərinə qarşı çox tələbkar idi. Hər şey səliqəli, yerli-yerində olmalı idi. O mənim zövqümə arxayın olub, çox hallarda geyimlərinin seçimini mənim öhdəmə buraxırdı. Ümumiyyətlə hər bir insanda kapriz var, o ki, qalsın bu boyda böyük sənətkarda. Hər halda qadından da çox şey asılıdır.

- Deyirlər ki, hər güclü bir kişinin arxasında mütləq şəkildə bir qadın olur. Siz həmişə onun yanında olub, onu qorudunuz.

- Hər dövrün öz qanunları, yaşam tərzi var. 1975-ci ildə mən hələ konservatoriyada oxuyurdum. Qohumlarından ona demişdilər ki, belə bir qız var, get düş dalınca, gör necədir? Biz ata-anasının təkidi ilə ailə həyatı qurmuşuq, amma görün sona qədər necə yaşadıq!

- Bir-birinizi əvvəldən tanımırdınız?

- Xeyr, biz tanış deyildik. Sadəcə bilirdim ki, Yaşar uzaq qohumumdur. Mən heç onların ailəsinə də gedib-gəlmirdim. Anam qohum olduğu üçün tez-tez onlarda qonaq olurdu. Mən Yaşarı heç vaxt görməmişdim.

- Deməli ailəniz sevgi üzərində qurulmayıb?

- Desəm ki, ailəmiz böyük sevgi üzərində qurulub yalan olar. Amma yaş keçdikcə bu sevgi daha da böyüyür. Ömrünün son 7 ilində biz daha böyük sevgi yaşadıq. Mən sanki bir quş kimi göydə uçurdum. Nə olsun ki, o xəstə idi? Onun xəstəliyi də, gülüşü də, kədəri də mənim idi. Mən istəmirdim ki, onu xəstə halda kimsə görsün. Yaxşı olanda yanına adam buraxırdım, yaxşı olmayanda isə onu hamıdan gizlədirdim.

- Adətən sevgi üzərində qurulmayan ailələr uzunömürlü olmur. Bəs ailənizi necə qorudunuz?

- Qadın nə qədər "dığ-dığ" etsə, kişi də bir o qədər evdən uzaqlaşır. Mən bunu anormal hal kimi qəbul edirəm. Kişi işdən evə gəlirsə, ona ilk növbədə qulluq etməlisən, problem yaşatmamalısan! Bəzən elə olurdu ki, evdə problem olurdu, günlərlə ona demirdim. Onu bütün problemlərdən uzaqlaşdırmışdım. Ailə həyatı quranda özü də mənə demişdi ki, aktyoram, hər şey ola bilər, "lalam, karam, koram".

- Bütün bunlara əməl etdiniz?

- Bu qayda-qanunlar mənə yad deyildi. Çünki mən atamla-anamı evdə o cür görmüşdüm. Bəlkə də elə bir "minusları" olmuşdu ki, mən heç vaxt hiss etməmişdim.

- Yeni ailə həyatı qurarkən dedi-qodular oldu?

- Bəli, çox olurdu? amma mən bunlara önəm vermirdim. Bu sözləri ciddi qəbul etməsəm də, ürəyimə bir xal düşürdü. Onun sağlamlığını nəzərə alıb, xətrinə dəymirdim. Mən bilirdim ki, nələr baş verir. O "Səni axtarıram"-da ürəkdən oynamasaydı, görəsən tamaşa necə alınardı? Mən tamaşaçı kimi oturub bu tamaşanı gözləyirdim ki, indi göstərəcəklər. Bu ekran işi müasir sevginin klassikasıdır.

- Elə nə oldu bu tamaşadan sonra oldu.

- Görünür başı bəlalı tamaşadır (gülür). Çox uğurlu tamaşa idi, indiyə qədər də gündəmdən düşmür.

- Amma bu tamaşa bir çox şayiələrə də yol açdı.

- Mən Firəngizə çox yaxın bir insanam. Bu tamaşadan sonra biz Firəngizlə bir bacı, rəfiqə olduq. Onun özünə də, sənətinə də, ailəsinə də böyük hörmətim var. Mən Firəngizi bir qadın kimi başa düşürdüm. Təbii ki, Yaşarı da. Sevgi həmişə birtərəfli güclü olur. İkitərəfli olanda insan istər-istəməz yanır. Tamaşaya baxıram, fikirləşirəm ki, Yaşar necə belə inandırıcı oynayıb? Firəngiz onu sevməyib, çünki onun öz aləmi, öz həyatı var idi. Ola bilər ki, Yaşar onu sevib. Əgər sevməsəydi, tamaşada tərəf müqabili kimi Firəngizi məcbur edə bilməzdi ki, o rolda onu sevə bilsən! Çünki Firəngiz ilk addımlarını atırdı, ola bilərdi ki, utansın, çəkinsin.Yaşarın böyüklüyü onda idi ki, Firəngizi başa saldı ki, sən bu rolu oynamalısan.

- Təbii ki, yayılan söz-söhbətlər ona da xoş təsir etmirdi. Bəs həssas dönəmlərdə Yaşar müəllimə necə münasibət bəslədiniz?


- Mən ondan soruşmamışam ki, sən Firəngizi sevmisən, yoxsa yox? Mən heç vaxt onun xətrinə dəyə bilməzdim. Əgər ona bu sözü desəydim, o mənə o sözün arxasınca elə bir mətn deyə bilərdi ki, dediyimə peşman olub, pərt olardım. Hərdən ona deyirdim ki, "aa nə gözəl oynamısan, o qədər inandırıcı və dəqiq idi ki.." Heç bir reaksiya vermirdi. Belə də ki, sevib-sevib də. Ürək sevmək üçündür də. Sevirsə, deməli yaşayır.

- Yaxşı ki, sizin kimi həyat yoldaşına rast gəlib.

- Sevmək bəyəm təkcə "Səni axtarıram" tamaşasına aiddir? Onda gərək yaratdığı bütün obrazlarında sevgi axtaraq? O da axı düzgün deyil.

- Ailə həyatınızdan çıxış edib yeni evlənən gənclərə nəyi tövsiyə edə bilərsiniz?

- Öncə onu məsləhət görərdim ki, ayrı yaşasınlar. Bir evdə yaşayırlarsa, bir-birinin xasiyyətini götürsünlər. Ananın öz yeri var, həyat yoldaşının öz yeri.

- Bu mövzuda başınız çox çəkib?


- Mən qaynanamdan ayrı yaşamışam, iki il biz evlənəndən sonra kirayə qalmışıq. Yaşar ilk gündən dedi ki, mən bir yerdə yaşamaq istəmirəm. İstəyirəm ki, ailəmlə sənin aranda pərdə olsun. O vaxtı qız deyərdi ki, mən kirayə getmirəm? O evdə mənim iki qız övladım dünyaya gəlib. Çox xoşbəxt, problemsiz yaşamışıq. 3 ildən sonra biz həmin evdən çıxası olduq. Çünki ev yiyəsi evi öz övladına vermişdi. 3 il iki qızımla anamgildə yaşadım, 3 ildən sonra dövlət bizə indiki Mərkəzi Univermaqla üzbəüz bir otaqlı ev verdi.

- Elə bir səhvi olubmu ki, onu bağışlamaqda tərəddüd etmisiniz?

- Elə də bir böyük səhvi olmayıb. Əgər etsəydi də heç vaxt ondan ayrılmazdım. Çünki mənim onunla qurduğum həyat 5-10 illik həyat deyildi. Birdən-birə qurduğum ailəni necə dağıda bilərdim? O mənə deyirdi ki, sən mənə görə çox əziyyət çəkirsən, mən çəkinirəm səndən. O indiyə qədər heç vaxt mənə bu sözləri deməmişdi. Son günlərində bir daha hiss etdim ki, onun mənə çox ehtiyacı var. Xəstəxanada yatırdı, qar yağmışdı. Deyirdi ki, Rəhimə evə gedəndə ayağının altına bax, birdən sürüşüb yıxılarsan, sonra mənə kim baxar? Özü xəstə olmasına rəğmən yenə də məni düşünürdü. Bir dəfə xəstəxanada olanda gördüm ki, qızlarıma deyir ki, mən birdən həyatda olmasam, sizə həyat necə olacaq? Bu sözü eşidib çox kövrəldim. Bu sözdən 3 gün sonra bu hadisə baş verdi. Böyük qızımda fövqəltəbii bir hiss var. Mənə dedi ki, "papa"ya nəsə olacaq. Dedi ki, yox, mən onun yanına getməyəcəyəm. 2 gün qızım onun yanına getmədi. Məndən zəng edib, maraqlanırdı. Xəstəxanaya girən kimi gördüm ki, pilləkənin yanında arabada dayanıb mənə baxır. Onu görəndə uşaq kimi oxuyub-oynayırdım. Ona dedim ki, Yaşar sənə bir sualım var. Dedi ki, buyur. Dedim ki, olar səni bir dəfə üzündən öpüm? Mənə dedi ki, yaxşı bəsdi də, lap şit-şit hərəkət edirsən (gülür). Üzünü o tərəfə çevirdi, dedim ki, əgər mənə cavab verməsən, getməyəcəyəm. Tibb bacısı dedi ki, Yaşar müəllim, icazə verin, qoy sizi öpsün. Məni öpüb dedi ki, "Mən də səni sevirəm". Bu sözü demişdi ki, gözləri doldu, ürəyi boşaldı.. (ağlayır). Mənim də gözüm doldu, dayana bilmədim (ağlayır). Dedi ki, yaxşı Rəhimə yorulmuşam, gedim uzanım. Tibb bacısını çağırdım ki, çox xahiş edirəm bu gecə yanında olun. Həkim dedi ki, biz burdayıq, narahat olmayın. Evə gəldim, 2 dəfə də zəng etdim ki, necədir? Dedilər ki, yaxşıdır, yatıb. Səhərə yaxın saat 4-də mənə zəng etdilər ki, Yaşar müəllim keçinib.

- Bu gün təsəlliniz nədir?

- Mən hiss edirəm ki, o yaşayır. Əgər bilsəm ki, Yaşar yaşamır, yanımızda yoxdur, onda mən tamam başqa bir insan olaram. Bütün günü əlimə dəsmal götürüb ağlayaram. Onun ruhu şad olsun deyə mən özümü toparlayıram. Çünki o həmişə məni özümə baxımlı, gülərüz görmək istəyirdi.

- Ölümündən öncə vəsiyyəti olmuşdu?

- O mənimlə söhbətlərində heç vaxt bu haqda danışmayıb. Qorxurdu ki, birdən mən ürəyimə salaram, mənə nəsə olar. 2 il o ölümlə-dirim arasında oldu. Bir dəfə də olsun mənə demədi ki, Rəhimə, mənə birdən nəsə olar.

- Hansı aktyorları onun davamçısı kimi görürsünüz?


- Mən televiziyada gedən bir çox film və serialları izləyirəm. Baxdığım ekran işlərinin hər birində Yaşarın ştrixini görürəm. Baxışı, gülüşü, əlinin hərəkəti, rəqsi, tərəf müqabili ilə münasibəti, yerişi və s. Görün o necə qüdrətli sənətkardır ki, hamı özünə ondan nəsə hopdurub. Bəhram Bağırzadə həmişə deyir ki, o mənim müəllimimdir. Hətta mahnı oxuyanda da onun boğazlarını edirlər. Onun səviyyəsinə kimsə çata bilər, amma heç kim Yaşar Nuri ola bilməz.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti