Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir

Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir

Onunla çoxdan görüşmək qərarına gəlsəm də bu istəyimi reallaşdırmaq üçün həmsöhbətimin münasib vaxta ehtiyacı vardı.

Gecce.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmsöhbəti stilist-vizajist və rəssam Nərmin İbrahimova AZƏRTAC-a müsahibəsində sənət dünyası, gördüyü işlər və gələcək planları barədə geniş məlumat verib.

Bu sənəti seçmək valideynlərin istəyi ilə, yoxsa...

- Atam da, anam da rəssamdır. Anam sənətin sirlərini atamdan öyrənib. Belə bir ailədə doğulub sənətə biganə qalmaq mümkünsüz idi. Valideynlərim heç vaxt rəssam olmağımı istəməyib. Buna baxmayaraq rəsm çəkməyə böyük həvəsim vardı. 6 yaşımdan ilk rəsmlərimi çəkməyə başladım. Atam həkim olmağımı istəsə də çəkdiyim rəsmləri görəndən sonra inadından əl çəkdi və mənimlə ciddi məşğul olmağa başladı. Bu səbəbdən də deyə bilərəm ki, ilk müəllimim atam olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına rəssamlıq kollecinə daxil oldum. Kolleci bitirəndən sonra isə sənətlə ciddi məşğul olmağa başladım.

Rəssamlıq, yoxsa vizaj, hansı daha maraqlıdı?

- Peşəm rəssam olsa da, təhsil aldığım ixtisas moda və rəssamlıqdır. Modelyer olmalı idim, dizayn işi ilə maraqlanırdım, müxtəlif paltar eskizləri hazırlayırdım. Lakin rəngkarlıq mənə daha maraqlı gəldi. Rəsmlərimdə heç kimi təqlid etmirəm, ilham gəldisə vaxtdan asılı olmayaraq çəkməyə başlayıram, hisslərimi əsərlərimə köçürürəm. İlk iş yerimdə satıcı-məsləhətçi kimi çalışırdım, müştərilərə kosmetik vasitələrdən düzgün istifadə etməyi öyrədirdim. İşləmək mənim üçün bir sərbəstlik, öz ayaqlarım üstə müstəqil durmağı öyrənmək idi. Tədricən vizajist peşəsinə də yiyələndim. Rəssamlığım, rəng duyumuna malik olmağım mənə bu işdə kömək etdi. Deyərdim ki, vizaj özü də bir rəsm əsəridir. Lakin rəssamlığın yanında vizaj çox balaca bir paya sahibdir. Açığın deyim ki, bu həm də əsas gəlir mənbəyimə çevrildi. Həmin ərəfədə bu sahədə çalışan mütəxəssis az olduğu üçün dostlarımın köməyi ilə tezliklə məşhurlaşdım. Misirdə bu sənətin sirlərinə yiyələndim, bacarıqlarımı təkmilləşdirdikdən sonra peşəkar vizajist olaraq Bakıya qayıtdım və fəaliyyətimə davam etdim.

Nə vaxtsa rəssamlıqla ciddi məşğul olmağı düşünürsünüz?

-Əlbəttə, rəsm çəkməkdən xüsusi zövq alıram. Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir, bunu yaxınlarım da bilir. Fırçanı əlimə alanda rahatlıq tapıram, bir sözlə şəkil çəkmək mənə yeməkdən də, yatmaqdan da vacibdir. Düzdür bu sahədə elə bir maddi gəlir əldə etməmişəm. Amma gələcəkdə buna çalışacağam. Elə rəsmlər çəkmək istəyirəm ki, mən dünyada olmayanda onlar hərraclarda baha qiymətə satılsın.

Yaxın zamanlarda sərgiləriniz gözlənilirmi?

-İndiyə qədər ölkə daxilində və xaricində bir neçə sərgim olub. Ən yaddaqalan sərgilərdən biri isə İngiltərədə reallaşıb. "İngiltərə azərbaycanlı uşaqların gözü ilə" adlı sərgidə təqdim etdiyim tanınmış skripkaçı Vanessa Meyin rəsmi böyük marağa səbəb olmuşdu. Həmin rəsmi ingilislər pulla almışdı. İndiyədək fərdi sərgilərimdə əsərlərimin heç birini satmamışam. Lakin bu ilin mayında fərdi sərgim olacaq və həmin sərgidə əsərlərimin satışını həyata keçirəcəm. Bir çox insanlar bununla bağlı mənə dəfələrlə müraciət edib, düşünürəm ki, bu, onlar üçün yaxşı fürsət olacaq.

Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir


Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir


Rəsm çəkmək mənim üçün hər şeydən vacibdir
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti