Hacıbaba Bağırovun doğum günüdür

Hacıbaba Bağırovun doğum günüdür


Bu gün görkəmli teatr və kino aktyoru, xalq artisti Hacıbaba Bağırovun doğum günüdür.

“Şöhrət” ordenli aktyor Azərbaycan Dövlət Musiqili Teatrının, "Tənqid-təbliğ" teatrının keçmiş direktoru və bədii rəhbəri olub.

1932-ci il iyunun 12-də Bakı şəhərində anadan olan aktyorun kiçik yaşlarından teatr sənətinə böyük həvəsi olub. 1947-ci ildə orta məktəbi bitirəndən sonra, Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasında fəaliyyətə başlayıb. 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" triologiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq kef"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Hacıbaba Bağırov 6 oktyabr, 2006-ci ildə vəfat edib. 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Metbuat.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti