Ləçəkli qızın konserti

Ləçəkli qızın konserti


Tünzalə Ağayevanın ifasını, musiqi seçimini, ümumən, sənətini çox sevirəm, amma nə gizlədim, bütün bunlara baxmayaraq belə konsert gözləmirdim.

Gözlədiyimdən qat-qat artıq bir nəticəylə qarşılaşdım. Və nəinki mən, Konqres mərkəzinə toplaşan bütün Tünzalə sevənlər. Əvvəla istərdim onu bildirim ki, içərisində ilk dəfə olduğum Bakı Konqres mərkəzi bütün əzəmətiylə möhtəşəm idi. İçəri daxil olduqları ilk andan insanları öz akustikası, dizaynı ilə valeh etməyə qadir bir gücdə idi. Bircə qarderobun qarşında sıxlıq olmayaydı... Hər kəs yerlərini almaq üçün becid tələsirdi deyə növbədənkənar kim hardan bacarırdısa, oradan daxil olurdu. Nəisə ki, nəhayət, o möhtəşəm an gəldi və ritm sədaları altında səhnəyə daxil olan Tünzalə Ağayevadan ilk ifa gəldi: "bir də baxım dünyaya". Konsertin repertuarı əla seçilmişdi, dinləyiciləri yormurdu. Təbii ki Tünzalə Ağayeva və bütün texniki heyət konsertin uğurlu olmasıyçün maksimum dərəcədə çalışmışdılar. Hərçənd Tünzalə xanım hazırlıq prosseslərinə özünün məsuliyyətsizliyi üzündən bir az gec başlamalı olduqlarını etiraf etsə də, heç bir nüansda bunu hiss etmək olmurdu. Həzin, ritmik musiqilərin ardıcıl şəkildə bir-birini izləməsiylə konsertin birinci hissəsi başa çatdı, amma çox az rast gəldiyim məqam o idi ki, fasilə olmadı. Tünzalə xanım paltarını dəyişib yenidən səhnəyə qayıdana kimi onu zərb alətlərindən ibarət ritm əvəz etdi və Tünzalə xanım yenidən səhnəyə geri döndü. İkinci dəfə də dönüşü uğurlu oldu: "Sevdi can səni".
Bunu mütləq qeyd etməliyəm ki, xanım Ağayevanın repertuarındakı tək bircə ifanı bəyənmədim və zənnimcə bu fikrimi bir çox tamaşaçılar da təsdiqləyər. "Ziyadə" mahnısını replə ifa etməsi çox yorucu və arzuolunmaz idi. Bəlkə də reper, yaxud ifa uğurlu seçilməmişdi, amma adı hər nə olur olsun, yersiz idi. Təbii ki, bu mənim şəxsi fikrim, jurnalist mövqeyimdir. Kaş ki sözügedən mahnını Tünzalə xanım özü tək oxusaydı da, zövq almış olsaydıq...
Ən xoşuma gələn məqamlardan biri, bəlkə birincisi həm də o oldu ki, ansambl "Happy birthday"i çox kreativ və fərqli ifa etdi. Hə, bu arada onu da deyim ki, konsertin təyin olunduğu tarix Tünzalə Ağayevanın doğum günü idi və konsert zamanı belə bir ifanın olacağından tamamilə xəbərsiz idi. Məhz bu gözlənilməz sürpriz məni də təəccübləndirdi. Çox az hallarda nələrsə məni təəccüblədirə bilər.
Konsertin ikinci hissəsində Murad Dadaşovun Tünzalə xanıma gül verməyə yaxınlaşması və bu sözləri deməsi bütün zalı sanki yuxudan oyatdı:
- Başına yaylıq taxıb Tovuzdan Bakıya gələn qızın bu günkü yupkasına baxın.
O zamana qədər hər kəs yalnız Tünzaləyə qulaq asırdısa, o andan etibarən zalın yarısından çoxu, əsasən də səhnəyə yaxın əyləşənlər Tünzalənin yupkasına diqqət kəsildilər. Nə axtarırdılar, bilinmirdi.
Təbii ki bütün bunlar yarı zarafat, yarı ciddi deyilən sözlərdir. Ən önəmli olan o idi ki, o geyimlər Tünzaləyə sözün bütün mənalarında yaraşırdı və insanlarda yalnız xoş hislər yaradırdı. Biz öyrəşməmişik axı səhnədə açıq-saçıq geyimə, ona görən görən kimi gözümüzü deşir, əsas da yaraşmayanda, vulqar görünəndə. Sözümün canı budur ki, Tünzalə geyimlərini də zövqlə seçmişdi. Bildiyim qədərilə geyim tərtibatıyla modelyer Gülnarə Xəlilova məşğul olmuşdu. Sadəcə ƏHSƏN !
Mədəni tədbirlərdə yaralı yerimiz olan tamaşaçı "mədəniyyəti" bu dəfə də konsertdən yan ötmədi. Konsert bitməmiş tamaşaçıların zalı bazara döndərmələri, gecikmələri...
Hər bir sənətçinin arzuladığı vacib elementlərdən biri və başlıcası məhrəm, sadiq, vəfalı pərəstişkar ordusudur. Tünzalənin bu sarıdan bəxti gətirmişdi. Pərəstişkarları konsertin sönük keçməsinə izin vermədilər. Onunla bərabər oxuyub, oynadılar.
Bütün bu sadaladıqlarım, razı və yaxud narazı olduğum məqamlar onu göstərir ki, televiziyalar hər nə qədər bayağılıq təbliğ etsələr də, zövqlü tamaşaçılar heç də az deyil və bunlar sadəcə müxtəlif tədbirlərdə rastlaşdığımız üzdə olan nümunələrdir. Üzdə olmayan o qədər insanlar var ki, həqiqi musiqiyə, əsl sənətə acdılar. Bir neçə saatlıq da olsa, Tünzalə mədəni qidayla insanları təmin edə bilməkçün var gücüylə çalışdı və buna müvəffəq oldu.

Çünki tələsib zalı tezbazar tərk etməyə çalışanlardan başqa bütün tamaşaçılar ayaq üstə onu alqışlayıb səhnədən getməyə qoymurdular. Düzünə qalsa, heç o özü də getmək istəmirdi. Kimisi pul qazanmaq üçün konsert verir, kimisi səhnəylə nəfəs aldığı üçün. Mən əminəm ki, Tünzalə səhnəylə nəfəs alan sənətçilərdəndir. Bunun bariz nümunəsidir ki, tamaşaçılar onu deyil, o tamaşaçılarını yola saldı, sonra səhnədən çıxdı. Sonda konsertin ərsəyə gəlməsində misilsiz xidməti olan Yalçın Cabbarovun əziyyətini də xatırlatmaq istərdim. Bu möhtəşəm günün baş tutmasında o qədər cəfa çəkdikdən sonra bəhrəsinin mükəmməlliyini görmək gözəl hisdir yəgin ki. Bu hissi bir daha dada bildiyinə görə Yalçın bəyi təbrik edirəm və konsertə dəvət etdiyinə görə təşəkkür edirəm. Bütün heyətə qocaman bir ƏHSƏN !!!

Müəllif Arzu Murad

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort