Əməkdar artist çətin günlərindən danışdı: "Anam ailə həyatıma görə narahat idi"

Əməkdar artist çətin günlərindən danışdı: "Anam ailə həyatıma görə narahat idi"


Gecce.az əməkdar artist Lalə Məmmədovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Lalə xanım, sizi hər birimiz "Məktəb illəri" mahnısından sevib tanıyırıq. İllər keçdikcə bu mahnı daha da çox sevilir. Mahnının bu qədər uğur qazanmasının əsas sirri nədir?

- Əslində mən həmişə sevinirəm ki, yaxşı ki, bu mahnını mən o vaxtı oxumuşam. İllər keçdikcə o mahnını oxumaq mənə çətindir. Çünki insan həyatı dərk etdikcə daha çox sözlər, musiqi ona təsir edir. Bəlkə bu mahnı vasitəsilə mənim adım da harasa yazılıb qalar, gələcək nəsillərə ötürülər. Buna görə həm Aygün Səmədzadəyə, həm də Kəmalə Abiyevaya təşəkkür edirəm. Mahnının klipini də Aygün xanım seçim etmişdi. Hər yaşın da öz tələbləri var. Mən həmin mahnını bu yaşımda oxuyub populyarlıq qazana bilməzdim. Bu mahnını oxuyanda mənim 19-20 yaşım var idi, o qızcığazda səmimiyyət var idi, hardasa insanları inandıra bilirdi.

- Yaşdan söhbət düşmüşkən... Gəlin qayıdaq balaca Laləyə. Uşaqlığınız necə keçib?


- Sizə deyim ki, mən uşağlığımı da bir neçə mərhələyə bölə bilərəm. Çünki orada elə bir dövr var ki, özümü dərk etməsəmdə nələr baş verdiyini hiss edirdim. Mən hələ bilmirdim ki, musiqi, mahnı nədir. Bir dəfə televiziyada "Lalə" mahnısını oxumuşdular. Efirdə gözəl bir mahnı gedən kimi elə gəlib otururdum televizorun qabağındakı indi harda olsa mənim mahnımı oxuyacaqlar (gülür). Özümü dərk etdiyim dövrdə isə elə ancaq oxuyurdum. Telefonu götürüb qonşu üçün mahnı oxuyurdum ki, səsimə qulaq as (gülür). Valideynlərim mənə əvvəl əhəmiyyət vermədilər, bilsəydilər özləri mənə dəstək olardılar. Bəzən fikirləşirəm ki, onlar mənə dəstək olsaydılar, məndə arxayınlıq yaranardı, indiki uğurları əldə etməzdim. İnsanın zəhmətlə, əziyyətlə əldə etdiyi yol daha şirin olur. Bizim tərbiyəmizlə anamız məşğul olub, atam elm adamı olub. Atam bizi həftəsonu teatra, konsertə aparırdı. Anam həmişə deyirdi ki, mən bilirəm bu qız niyə müğənni oldu. Sən bunları o qədər konsertlərə, teatrlara apardın ki... (gülür). Mən buna görə atama çox minnətdaram.

- Deməli valideynləriniz istəmədən sizi bu yola yönəldiblər.


- Bəli, özləri bilmədən və istəmədən. Mənim atamın yaxşı səsi var, o muğamların hamısını çox gözəl bilir. Mən deyərdim ki, ilk müəllimim elə atam olub.

- Bəs valideynlərinizi müğənni olmağa necə razı saldınız?


- O vaxtlar "Bülbül" adına orta ixtisası məktəbində imtahanlar keçirilirdi. Bizim uşağlığımızın məşhur müğənnisi Kifayət Gəncəlinin mənim valideynlərimlə çox gözəl münasibəti var idi. Mən onu da öz müəllimlərimdən biri hesab edirəm. Kifayət xanımdan xahiş etdim ki, məni Bülbül adına orta ixtisas məktəbinə aparsın. Çünki evdəkilərə nə qədər deyirdim, onlar məni aparmırdılar. Kifayət xanım sağ olsun məni məktəbə apardı. Sinifə girəndə Arif Babayevi, Şövkət Ələkbərovanı və İslam Rzayevi gördüm. Boyum balaca idi, heç mikrofona çatmırdı. Mənim o zamanlar 8 yaşım var idi. Mahnını oxuyub qurtarandan sonra Şövkət xanım dedi ki, qızım, sən çiysən, səni qaynatmaq lazımdır. Sonra tale elə gətirdi ki, Şövkət xanım Amerikaya qastrol səfərinə getdi. Valideynlərimin əlinə bəhanə düşmüşdü, onlar məni musiqi təhsilindən elm sahəsinə yönəltmək istəyirdilər. Bir neçə il fasilə oldu. Onu da deyim ki, mənim bacılarım da mahnı sözləri yazıb, pianoda ifa edirdilər. Onlar qaldı bir kənarda, mən müğənni oldum (gülür).

- Neçə ildən sonra ulduzunuz parladı?


- Mənim 14 yaşım olanda televiziyada "7-17" müsabiqəsi başladı. O vaxtlar bu musiqi yarışmasında İzzət Bağırov, Aynur Dadaşova, İradə İbrahimova, Samir Piriyev və s. indi məşhur olan bir çox müğənnilər iştirak edirdilər. İlk qalib İzzətlə Aynur Dadaşova olmuşdu. Mən bu yarışmaya baxıb o vaxt demişdim ki, İzzətlə Aynurdan yaxşı oxuyuram (gülür). Evdəkilərə dedim ki, nə demişəm bütün arzularımı ürəyimdə qoymusuz, heç olmasa bir dəfə efirə çıxım. Xalam hətta mənim üçün mahnı da tapmışdı. Elə oldu ki, bütün turlardan keçdim. Pis vaxtlar idi, televiziyaya cəbhədən pis xəbərlər gəlirdi. Hər dəfə veriliş efirə qoşulurdu, cəbhədən xəbər gələn kimi televiziya xəbərlərə bağlanırdı. İnanın Allaha bir neçə gündən sonra məni efirdə göstərən günü oturub o qədər ağlamışdım ki... Sözün düzünü deyim ki, ondan sonra oxumaq istəməzdim. Televiziyadan Nazim Abbasov zəng edib məni ikinci mərhələyə çağırdı. Onlara dedim ki, mən evdən bir dəfə üçün icazə almışdım. Elə bu sözü demişdim ki, gördüm axşam hamı bizdədir. Anam istəmirdi ki, qız uşağı müğənni olsun. Anam mənim ailə həyatıma görə narahat idi. Müğənnilərin ailə həyatı qurması bir az müşkül məsələ idi. Mən sonralar dərk etdim ki, mənim valideynlərim müdrük valideyn olublar. Onların dediyi sözün yükünün ağırlığını indi başa düşürəm.

- Müğənnilər adətən deyir ki, istəmirəm övladlarım müğənni olsun. Bir tək Zülfiyyə Xanbabayeva deyir ki, Dəniz müğənni olsa, ona dəstək olardım.

- Bəzən məndən də soruşurlar ki, sənin qızların müğənni olsa, münasibətin bəs necə olar? Deyirəm ki, əgər mən hiss etsəm ki, onların bu sənətə həvəsi var, qarşısını almaram. Çünki nə qədər qarşılarını kəssəm də gec-tez gedəcəklər o yola. Həmkarlarım bu sözü çətinliyi nəzərə alıb deyir, sənəti aşılamaq mənasında deyil. Bu sənət mənə sevgi, hörmət qazandırdı. Mən bunu necə itirə bilərəm? Əgər mənim övladlarım da onu qazana biləcəksə, ona ancaq kömək ola bilərəm. Gərək fitri istedad da olsun.

- Evdə övladlarınıza musiqini necə aşılayırsınız?

- Evdə onlarla birlikdə oxuyuram. Görürəm ki, böyük qızım başqa notdan oxuyur, bu zaman əsəbləşirəm. Deyirəm ki, sən notu eşitmirsən, səndən müğənni olmayacaq. Amma kiçik qızım çox doğru, dürüst oxuyur.

- Mən bilirəm ki, sizin əsas ixtisasınız ingilis dili müəllimliyidir. O ixtisasınızdan heç yararlanırsınız?


- Mən 15 ildir ki, Milli Konservatoriyada ictimai elmlər kafedrasında ingilis dilindən dərs deyirəm. Bu kafedranın baş müəllimiyəm. 2 il bundan əvvəl isə elmi işimi müdafiə etdim. Siz gələn dəfə məndən pedaqoq kimi müsahibə alarsınız (gülür).

- 2017-ci il sizin üçün necə yadda qaldı?


- Mən hər il müqayisə edirəm. Əgər itkilərimiz azdırsa, demək ki, qazandıqlarımız çox olub. Keçən ilin may ayında simfonik orkestr ilə flarmoniyada solo konsertim oldu. Arzudan arzu doğur deyirlər. Çox istərdim ki, Gəncə flarmoniyasında konsert verim. Buradan Gəncə flarmoniyasının direktoru Samir Cəfərova səslənirəm. Yəqin ki, o müsahibəmizi oxuyacaq (gülür).
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti