Flora Kərimova ona qoyulan efir qadağasından danışdı: “Məni yalvaran, alçalan görməyəcək...”

Flora Kərimova ona qoyulan efir qadağasından danışdı: “Məni yalvaran, alçalan görməyəcək...”


Jurnalist xalq artisti Flora Kərimovaya efir qadağası qoyulduğunu iddia edib.


Bunu jurnalist Azər Həsrət sosial şəbəkədə bildirib. O, iddia edib ki, Flora Kərimova Zeynəb Xanlarovanı tənqid etdiyinə görə sonuncu əlaqələrindən və nüfuzundan istifadə edərək birincini TV efirindən kənar tutmağı bacarıb:

“Açığı, buna inanmaq istəməzdim. Əgər Zeynəb xanım doğrudan da belə bir iş edibsə, çox ayıb. Mənim nəzərimdə Zeynəb Xanlarova böyük sənətkardır ki, ona belə cılız hərəkəti əsla yaraşdırmazdım. Ondan bu qədər xırda bir davranış gözləməzdim. Flora xanım bizim hamımızın sevimlimizdir, sənəti çox yüksək səviyyədədir və onun efirdə görünməməsi bütünlükdə Azərbaycan ifa sənətinə əməlli-başlı zərbədir. Əgər kiminsə kiminləsə şəxsi məsələsi varsa, bunu böyük sənətə zərbə vurmaqla həll etməməlidir” deyə jurnalist TV kanallarına Flora Kərimovaya qarşı qoyulan qadağanı götürmək üçün çağırış edib.

Xalq artisti Flora Kərimova isə AzNews.az-a açıqlamasında bu məsələni qaldırdığına görə, Azər Həsrətə təşəkkür edib:

“Millətimə güvənirəm. Azər bəyə çox sağ ol deyirəm. Bu təklif onun vətəndaş mövqeyidir. Görünür bu onda mahnılarıma olan hörmətdən, sənətimə qoyduğu diqqətdən yaranıb. Efir olsa da, olmasa da olar. 77 yaşımdayam, bundan sonra nəsə eləmək çox gecdir. Və məni sizlərdən ayrı salmaq lap gecdir. Nə qədər belə addımlar atılsa da, bir o qədər də məni sizlərə yaxınlaşdırırlar. Əvəzində isə bunu edən insanlara nifrət yaranır. Hər halda bu haqda düşünsünlər. Fikir eləməyin, o qədər belə şeylər olub ki. Məni ekrandan çıxardıb, sonra da qaytarıblar. Ömründə məni yalvaran, ağlayan, əl açan, alçalan görməyəcəklər. Flora Kərimova var, olacaq da. Məni bir şey qorxudur. Həmişə xalqımın mənə olan hörmətini itirməkdən qorxmuşam. Şükürlər olsun ki, bu sevgi, inam hələ də var”.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti