“Quldurluğa getdiklərini bilmirdim” - Klinika sahibinin evini soyan dəstə üzvü

“Quldurluğa getdiklərini bilmirdim” - Klinika sahibinin evini soyan dəstə üzvü


Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi keçirilib.

Hakim İradə Həsənzadənin icraatında olan prosesdə E.Musayev ifadə verib. O bildirib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb: "Telefonları mən saxlamamışam, sadəcə avtovağzalda bunlar telefonlarını dükana verəndə orda olmuşam. Sonra da çıxıb öz işimin dalınca getdim. Onların quldurluğa getdiyini bilmirdim. Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət olduğunu dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi. Müstəntiq həmin saatı göstərib "bu saatın qiyməti 50 min avrodur, buna görə adamın əlini kəsərlər" dedi. Mən orada saatın oğurluq olduğunu bildim. Natiq bu hadisədən əvvəl də mənə alışqan hədiyyə etmişdi".

Məhkəmədə elan edilib ki, zərərçəkən İlhamə Yusifova prosesdə iştirak etmir. Onun vəkili bildirib ki, müvəkkili səhhətinə görə Moskvada müalicə olunur.

Hakim bildirib ki, İ.Yusifovanın ölkədən çıxıb-çıxmamasına dair sərhəd xidmətinə sorğu göndəriləcək. Prosesə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə qərarı çıxarılıb.

Proses aprelin 23-də davam etdiriləcək.

İttihama görə, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib.

A.Əmirov, N.Musayev və B.Hacızadə Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti