İran mətbuatı: Arxadan zərbəyə Rusiya dəmir yumruqla cavab verəcək

İran mətbuatı: Arxadan zərbəyə Rusiya dəmir yumruqla cavab verəcək



İran qəzetləri Türkiyəyə Rusiyanın “dəmir yumruğu” barədə xəbərdarlıq edir və yazırlar ki, Moskva Su-24 bombardmançı təyyarəsinin vurulmasına görə cəzalandırıcı tədbirlərə əl atacaq.

Gecce.az Bbc.com-a istinadən bildirir ki, qəzetlərdən biri qeyd edir ki, NATO iki ölkə arasındakı qarşıdurmadan yaxasını bir kənara çəkəcək.
“Rusiyanın cavabı regionda qüvvələr nisbətini dəyişə bilər və bu, Türkiyə üçün yaxşı nəticə verməz” – yazır mühafizəkar “Xorasan” qəzeti. Qəzetin yazdığına görə, Rusiya İran və Suriya ilə yeni saziş imzalayaraq onlara S300 sisteminə əlavə olaraq S400 sistemlərini də verə bilər.
“Xorasan” ehtimal edir ki, Moskva Ankara ilə əlaqələrini azalda və hətta dayandıra bilər.
“Rusiya Türkiyə mallarının Mərkəzi və Şərqi Asiyaya tranzitini əngəlləmək üçün başqa ölkələrlə münasibətlərindən istifadə edə bilər. Belə bir addım Türkiyə ixracının 50 faizini təsirləndirərdi” – deyə əlavə edir qəzet.
Ultramühafizəkar “Cəvan” qəzeti xəbərdarlıq edir ki, “ona arxadan vurulan zərbənin əvəzində, Rusiya Türkiyəyə “dəmir yumruğunu” nümayiş etdirə bilər.
"Türkiyə həm də Rusiyadan cəzalandırıcı tədbirlərin olacağını gözləməlidir. Bu tədbirlər Türkiyəyə NATO və ABŞ kimi dostlarının quru sözlərlə dəstəyinə arxayın olub, Rusiya kimi dövlətə caynaq və dişlərini göstərməməyi öyrədəcək” – yazır “Cəvan”.
Kremlin qəzəbi
“Cəvan” qəzetinin eyni mövzuya həsr edilmiş başqa bir məqaləsində deyilir ki, “NATO daha Türkiyəni dəstəkləmir”.
"NATO çərşənbə axşamı keçirilmiş fövqəladə iclasda gözlənildiyi kimi Türkiyəni dəstəkləsə də, alyansın üzvləri arasında Türkiyəyə verilən bu dəstəyə dair ciddi fikir ayrılığı var. Bu üzvlər Rusiya və Türkiyə arasındakı qarşıdurmaya sürüklənmək istəmirlər” – yazır qəzet.
İfrat mühafizəkar "Qüds” qəzeti özünün redaksiya məqaləsini “Ankara Kremlin qəzəbindən ehtiyat edir” başlığı altında dərc edib.
Qəzetin sözlərinə görə, Rusiyanın reaksiyası artıq indidən Türkiyə birjalarına təsirini göstərib və xarici valyutaların kurslarının yüksəlişinə səbəb olub.
Rəsmi “İran” qəzeti yazır ki, Kreml Türkiyə ilə münasibətlərinin səviyyəsini azalda bilər. Qəzet həmçinin qeyd edir ki, Rusiya Türkiyədəki müxalif qruplaşmalara dəstək verə bilər.
İran vasitəçi qismində
Bununla belə, qəzetlərdən biri Kremlin reaksiyasının Rusiya və Türkiyə arasında hərbi münaqişəyə səbəb olacağına dair şayiələrə inanmadığını yazır.
"Aydındır ki, Rusiya və Türkiyə arasındakı qarşıdurma tammiqyaslı hərbi münaqişəyə çevrilməyəcək” – yazır mühafizəkar “Siyasəte-Ruz” qəzeti.
"Qərbin vurulmuş Rusiya təyyarəsi ilə bağlı şişirtmələri və tərəflər arasında mümkün münaqişə barədə xəbərlər, sadəcə olaraq kütləvi informasiya vasitələrinin oyunudur. Bu oyunun başlıca məqsədi Tehran qaz sammiti, habelə Suriya hökumətinin son uğurları və Rusiyanın terrora müqaviməti kimi başqa mühüm hadisələrdən diqqətin yayındırılmasıdır. Bütün bunlarda məqsəd Suriyadakı hakimiyyətin devrilməsi üçün Vyana danışıqlarında Qərbin təzyiqini artırmaqdır” – yazır qəzet.
İslahatpərəst “Bahar” qəzetinin şərhi “İran regionda gərginliyin aradan qaldırılmasının vasitəçisi kimi” sərlövhəsi altında dərc olunub.
Qəzet İran prezidenti Həsən Ruhaninin Türkiyə və Rusiyanı təmkinə çağırmasını yada salır.
Adı çəkilməyən ekspertlərə istinadən, qəzet yazır ki, “Yaxın Şərqdə bu yaxınlarda baş vermiş hadisələrə düzgün yanaşılmazsa, bu, İrandan da yan keçməyəcək fəlakətlə nəticələnə bilər”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti