“Uşaqların döyülməsini sabah Milli Məclisdə qaldıracam” - Yenilənib

“Uşaqların döyülməsini sabah Milli Məclisdə qaldıracam” - Yenilənib


“Həmin görüntülərə baxdım. Maraqlıdır ki, hadisələr mayın 21-i, 23-ü, iyunun 6-sı, 7-si baş verib. Yəni ən azı beş günün videosudur. Bu deməyə əsas verir ki, təsadüfi hadisə deyil”.


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bağçada uşaqlara qarşı edilən şiddətə münasibət bildirərkən deyib.

“Hiss olunur ki, bağçada uşaqlara qarşı şiddət tətbiq olunur. Yəni, onları vurma, təhqir etmə, divara dirəmə kimi hallarla rastlaşırıq. Görünür ki, bağçada nizam-intizam qaydasında deyil. Belə tərbiyəçi qadınlara bağçada yer verilməməlidir. İnsanlar övladını onlara əmanət edirsə və buna görə pul ödəyirsə, həmin şəxslər körpələrə qarşı şiddətli hərəkətlər göstərməkdə haqlı deyillər. Əslində bu, ciddi qanun pozuntusudur.

Hesab edirəm ki, görüntülərə görə hüquq-mühafizə orqanları da hərəkətə keçməlidir. Təkcə bu bağça yox, bütün bağçalarda görüntüləri tələb edə, araşdırma apara bilərlər. Bağçaların tabe olduğu qurumlar öz sözünü deməlidir. İnanıram ki, deyəcəklər. Çünki bu görüntülərin yayılmasından sonra rəsmi dövlət qurumları mövzuya biganə qala bilməzlər. Bundan əlavə, sabah Milli Məclisdə iclasdır. Gözləyəcəm, günün ikinci yarısınadək rəsmi olaraq bu məsələyə münasibət bildirməsələr, parlamentin plenar iclasında mövzu barədə müzakirə açacağam”.

Bu arada qeyd edək ki, İqtisadiyyat Nazirliyi də məsələyə qarışıb. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, hazırda özəl bağçaya lisenziyanın nə vaxt və necə verilməsi ilə bağlı araşdırmalara başlanılıb.

***

“Biz bu gün videonu izləyib, hadisənin şahidi olduq. Bəs üzə çıxmasaydı, nə olacaqdı?”.

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Kids Studio” özəl bağçasında uşaqların döyülmə hadisəsi ilə bağlı “Qafqazinfo”ya münasibət bildirən zaman deyib. O bildirib ki, döyülən uşaqlarda get-gedə özünəqapanma, qorxu hissləri formalaşır, getdikcə yuxu pozuntusu əmələ gəlir:

“Çox təəssüf edirəm ki, biz bu halları ancaq ictimaiyyətləşdikdən sonra görürük. Baxmayaraq ki, bir çox özəl bağçalarda otaqları kameralar vasitəsilə valideynlərin izləməsinə şərait yaradılıb, ancaq hər bir bağçada bu, mümkün deyil. Bu gün uşaqların müdafiəsini daha da gücləndirmək, müəllim və tərbiyəçilərlə psixoloji seminarlar keçirmək lazımdır. Əgər müəllim evində baş verən hadisə səbəbindən gəlib əsəbini uşağa tökürsə, bu onun qeyri-peşəkarlığından irəli gələn bir şeydir.

Hazırda bildiyim qədər bağça ilə bağlı araşdırmalar aparılır. Valideyn bizə müraciət etmədiyi təqdirdə təşkilat olaraq araşdırma aparmağımız çətin olur. Ancaq bir nüans da var. Deyirlər, müəllim bağçadan uzaqlaşdırılıb. Bəs sonra? Müəllim başqa bağçaya gedib bu şiddəti daha aqressiv şəkildə davam etdirməyəcək? Bunun üçün də köklü tədbir görmək lazımdır. Valideynlərin şikayəti əsasında tərbiyəçinin uşaqlara vurduğu mənəvi zərər nəzərə alınaraq ona şərti iş və ya pul cəzası verilə bilər”.

Günel Hacı

***

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2015-cilin noyabrın 2-dən etibarən müvafiq qurumların rəyi alındıqdan sonra nazirlik tərəfindən ASAN xidmət vasitəsilə lisenziyaların verilməsinə başlanılıb və bu ötən dövrdə “Kids Studio” adlı uşaq bağçasına məktəbəqədər uşaq müəssisəsi kimi lisenziya verilməyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti