“...Ölkələri bir-birinə daha da yaxınlaşdıracaq” - Prezident

“...Ölkələri bir-birinə daha da yaxınlaşdıracaq” - Prezident


“Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur. İnanıram ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcək”.

Gecce.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir: “Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik müddətində əlaqələrimiz daha da möhkəmlənəcək”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir: “Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığımı bildirirəm”.

Dövlət başçısı xatırladıb ki, Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir: “2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti