Şeyxi hörmətdən kim salır?..

Şeyxi hörmətdən kim salır?..


Son günlər mətbuatın ən çox gündəmində olan şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləridir. Hörmətli şeyximizi gündəmə gətirən mövzulardan geniş danışıb təkrarçılıq etmək istəmirəm. Ancaq xatırlatma üçün bildirim ki, son 10 gündə A. Paşazadə oğlunun varis olması, Çexiyada gənc bir xanımla biznes qurması, oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Bu gün də QMİ götürüb bəyanat yayır ki, bəs bütün bu məlumatlar məqsədli şəkildə ortaya atılır. Şeyxə qarşı fitnə-fəsaddır, Şexülislamlıq məqamına hörmətsizlikdir. Yəni mətbuat məlumat yayanda etik qaydaları qorumalı, həssas yanaşmalıdır. O boyda mollaların cəm olduğu bir məclisdə, yəni QMİ-də bir nəfər ayağa durub demir ki, ay camaat, axı bu mövzuları mətbuata kim çıxardır? Bir nəfər Şeyxin qudası Hacı Qalib Salahzadəyə deyə bilmir ki, get, öz işinlə məşğul ol, Allahşükür Paşazadənin varisi ilə bağlı sən kimsən ki, açıqlama verirsən? Şeyxin ailəsində, qohum əqrabasında, dost-tanışları arasında bir nəfər Hacı Qalibin ağzını bağlaya bilmir?

Axı adam bu günə qədər bir deyil, iki deyil, dəfələrlə Allahşükür Paşazadəni yersiz yerə, axmaq-axmaq mövzularla mətbuatın gündəminə gətirib mənasız müzakirələrə şərait yaradıb. Əgər onun şeyxin haqqında ağzına gələni danışmağına mane olmurlarsa, deməli, bu cür vəziyyətə, şeyxə qarşı hörmətsizliyə elə bu adamlar da maraqlıdır. Əks halda bu adama bir “dur” deyən tapılardı.

Mətbuatın isə Hacı Qalib Salahzadəyə maraq göstərməsi bu adamın anormal, gülməli açıqlamlar vermək ənənəsi ilə bağlıdır. Adam gah özünə naib tutub Həccə göndərməklə, gah 30 dəfə Həccə getməklə, gah bələdiyyə seçkilərinin mənasızlığından danışması ilə, Milli Məclisdə deputat olanda artıq xatırlamadığım xeyli sayda belə mövzularla gündəmə gəlib.

Bu gün isə oğlunun “Azərsu” əməkdaşının çənəsini qırması ilə… Adamın oğlu su pulu yığanın çənəsini qırıb xəstəxanaya salır, çıxıb deyir ki, Zakir Qaralovun mənimlə ədavəti var. Beləsinə nə ad verəsən?.. Bu misalı çəkməkdə məqsədim baş prokuroru müdafiə etmək deyil, sadəcə bu adamın məntiqinə, məsələlərə yanaşmasına daha bir nümunə göstərmək istəyirəm.

Yəni belə bir adam hansı haqla A. Paşazadənin haqqında az qala həftədə bir dəfə mətbuata çıxıb müsahibə verir? Şeyx özü danışa bilmir? Onu şəxsən tanıyan, dəfələrlə müsahibə alan, on dəfələrlə mətbuat konfransını işıqlandıran bir jurnalist kimi bilirəm ki, A. Paşazadə istənilən mövzuda özünü müdafiə edə, istənilən məsələyə özünəməxsus fikir yürüdə bilir. Belə olan halda Hacı Qalibin öz dilləri ilə desək şeyxə naiblik eləməyinin nə vacibatı var?

Ümumiyyətlə isə bildirmək istəyirəm ki, A. Paşazadə az qala 40 ildir Şeyxülislamdır. Bu uzun illərdə onun haqqında mətbuatda yüzlərlə haqlı və haqsız yazılar dərc olunub, ittihamlar səsləndirilib. Bu kifayət qədər normal haldır. Yəqin bundan sonra da, şeyx olduğu dönəmdə mətbuatın gündəmində olacaq. Olmalıdır da. Mətbuata etiraz etmək yerinə, qudaya etiraz etmək lazımdır…
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti