Rafiq Əliyev Paşazadəni ittiham etdi

Rafiq Əliyev Paşazadəni ittiham etdi


"İstəyirik ki, "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".

Xəbər verdiyimiz kimi, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib. QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Maraqlıdır, bu dəyişikliyin nəticəsi necə ola bilər?

Gecce.az xəbər verir ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər: “Axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi narazılıqlara səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıra bilər və qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.

R.Əliyev qeyd edib ki, bu cür qərarın verilməsinə ehtiyac yox idi: “Düzdür, digər ölkələrdə “məscidin imamı” ifadəsindən istifadə edilir. Bu artıq onlarda formalaşmış bir şeydir. Lakin bizdə oturuşmuş variant olduğu üçün bunu dəyişməyə ehtiyac yoxdur. Başqa ölkələrdəki hər şeyi tətbiq etmək lazım deyil. Ola bilər, kimisə təyin edəndə onun əmrində axund sözü yazılsın. Amma insanlar kimini axund, kimini isə imam kimi tanıyır. Bunu dəyişmək mümkün deyil.

Axund və imam sözünün anlamlarında böyük fərq yoxdur. Bunlar hamısı məsciddə məruzə oxuyan adamlardır. Sadəcə “imam” sözü qabaqda durub namaz qılan insan anlamını ifadə edir. “Axund” sözü isə həm namaz qılan, həm də məruzə oxuyan mənasındadır”.

Qeyd edək ki, QMİ sədrinin bu təklifi toplantıda səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub. Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti