“Heç kimdən asılı deyilik, taleyimiz öz əlimizdədir” - Prezident

“Heç kimdən asılı deyilik, taleyimiz öz əlimizdədir” - Prezident


Xəbər verdiyimiz kimi sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

Gecce.az AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib:

"Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir.

Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.

İyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu.

İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.

Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.

Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir.

O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi.

Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.

O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər. Yəni, budur “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalar.

Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.

Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir.

“Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər.

Eyni zamanda, mən “Azəri-Çıraq-Günəşli”nin bütün tərəfdaşlarını da xüsusi qeyd etmək istərdim. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana böyük sərmayə qoyublar. Bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı.

Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir.

“Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri, xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti