“Biz düzgün yoldayıq” - İlham Əliyev

“Biz düzgün yoldayıq” - İlham Əliyev


“Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub”.

Prezident İlham Əliyev bu sözləri Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı qeyd edib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb.

“Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.

Prezidentin sözlərinə görə, bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb:


“Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

İ.Əliyev bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur:

“İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.

Prezident sözlərinə əlavə edib ki, Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq:


“Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq.

Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti