İranın iki naziri Bakıda səfərdə olacaq

İranın iki naziri Bakıda səfərdə olacaq


İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccar noyabrın 24-də Bakıya səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İ. Nəccar Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi dəvəti ilə Xəzər dənizində fövqəladə hallarla mübarizə təlimlərinə baxış keçirmək üçün Bakıya səfər edəcək.

Səfirlikdən Trend-ə verilən digər məlumata görə, həmçinin İranın elm və təhsil naziri Əli Əsgər Fani noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci baş konfransı və İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Bakıda səfərdə olacaq.

Məlumata əsasən həmçinin İranın Gilan əyalətindən bir qrup jurnalist Azərbaycana səfər edib. İranın tanınmış xəbər agentlikləri, televiziya və qəzetlərindən olan bu jurnalistlər Azərbaycanın tarixi, dini və turizm potensialları ilə tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti